Azərbaycan qazına Avropada tələbat getdikcə artır
Cənubi Qafqazın lider dövləti sayılan müstəqil Azərbaycan enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla davamlı inkişaf üçün əhəmiyyətli bazis yaradıb, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilib. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahib olub. Ölkəmiz “Cənub qaz dəhlizi”nin bir seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və Avropa dövlətlərinə 19 milyard kubmetr təbii qaz ixrac edib. TAP layihəsinin tamamlanmasından sonra Azərbaycan Avropa ölkələrinə qaz ixracını daha da artırıb. Hazırda Azərbaycanın qaz ehtiyatı 2,6 trilyon kubmetrdir, amma bu ehtiyatı daha da artırmaq mümkündür.Avropa Azərbaycandan mavi qaz idxalını artırmağı düşünür. Bu isə Azərbaycanın təbii qazının Avropada əhəmiyyətinin daha da artdığını, ölkəmizin region üçün enerji təhlükəsizliyi baxımından böyük rol oynadığını göstərir. Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib. Bu toplantı Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir. Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb. Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər. Eyni zamanda qalib və güclü Azərbaycanla əməkdaşlıq etmək gələcək meqalayihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Avropa ölkələri də bunu yaxşı başa düşür və Azərbaycanı hazırkı durumda əməkdaşlıq üçün cazibədar ölkə hesab edirlər. Bu da perspektivdə Azərbaycanın Avropa regionun böyük hissəsini neft və qazla təmin edəcəyinin ismarıcıdır.
Azərbaycanın neft və qazı Avropa üçün əhəmiyyətlidir. Təkcə ona görə yox ki, Avropanın buna ehtiyacı var, həm də ona görə ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı