
2025-ci il oktyabrın 21-də Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış edib. Dövlət başçısı çıxışında iki ölkə arasındakı strateji əməkdaşlığın bu gün yüksək səviyyədə olduğunu və qarşıdakı illərdə yeni inkişaf mərhələsinə qədəm qoyacağını bildirib. İlham Əliyev qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında imzalanmış sənədlər qarşılıqlı etimadın və birgə məqsədlərin təcəssümüdür.
Prezident çıxışında xüsusi olaraq nəqliyyat-logistika sahəsinə diqqət çəkib. O bildirib ki, “Orta Dəhliz” layihəsinin uğurlu icrası həm Azərbaycanın, həm də Qazaxıstanın iqtisadi maraqlarına cavab verir və Avrasiya məkanında dayanıqlı ticarət əlaqələrinin formalaşmasına xidmət edir. İlham Əliyev bu layihəni strateji əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirib və iki ölkə arasında nəqliyyat infrastrukturunun daha sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Prezident həmçinin enerji, kənd təsərrüfatı, rəqəmsallaşma və sənaye sahələrində konkret əməkdaşlıq mexanizmlərinin yaradılmasının vacibliyini bildirib. O qeyd edib ki, bu istiqamətlərdə qarşılıqlı investisiya layihələrinin icrası iki ölkə arasında iqtisadi əlaqələri daha da dərinləşdirəcək. İlham Əliyev çıxışında mədəni və humanitar sahədə əməkdaşlığın da strateji önəm daşıdığını vurğulayıb. O bildirib ki, Azərbaycan və Qazaxıstan xalqları arasında ortaq mədəni dəyərlər, dil və mənəvi yaxınlıq xalqları birləşdirən ən güclü amillərdəndir.
Prezident çıxışında regional və beynəlxalq məsələlərə də toxunub. O bildirib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir-birini daim dəstəkləyir və bu, münasibətlərin etibarlılığını göstərir. İlham Əliyev vurğulayıb ki, iki ölkənin mövqeləri bir çox beynəlxalq platformalarda üst-üstə düşür, bu da siyasi həmrəyliyin təzahürüdür. Dövlət başçısı qeyd edib ki, hazırkı dövrdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti regionda sabitliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib.
İlham Əliyevin çıxışı, ümumilikdə, Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Çıxış həm iki ölkənin ortaq məqsədlərini, həm də regionda qarşılıqlı etimad və əməkdaşlıq mühitinin daha da güclənəcəyini göstərir. Bu iclasda qəbul edilən qərarlar və imzalanan sənədlər gələcəkdə konkret layihələrin həyata keçirilməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Prezident İlham Əliyevin çıxışı həm siyasi baxımdan güclü mesajlar verdi, həm də praktik əməkdaşlığın istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasınını məsləhətçisi


