AnalitikaGündəmSiyasət

Azərbaycan–Qazaxıstan əlaqələrinin qlobal strateji təsiri

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini təsdiqləyən hadisə kimi qiymətləndirilir. Bu səfər göstərir ki, Azərbaycan-Qazaxıstan əlaqələri artıq təkcə ikitərəfli çərçivədə deyil, regional və qlobal miqyasda strateji əhəmiyyətə malikdir.

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq və qardaşlıq birləşdirir. O vurğulayıb ki, dövlətlərarası münasibətlər məhz bu möhkəm təməllər üzərində qurulur və son illərdə artan intensiv görüşlər bunun əyani sübutudur. Hər bir müzakirə nəticəyönümlüdür və verilən tapşırıqlar vaxtında icra edilir.

Enerji sektoru Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətidir. Səfər çərçivəsində Xəzər dənizi vasitəsilə neft və qaz tədarükü, enerji infrastrukturlarının müasirləşdirilməsi və yaşıl enerji texnologiyalarının tətbiqi kimi məsələlər əsas müzakirə mövzuları olub. Orta Dəhliz və Zəngəzur Dəhlizi layihələri isə bu tərəfdaşlığı daha da genişləndirərək Avrasiyada yeni nəqliyyat və ticarət xəritəsi formalaşdırır. Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya çatdırılması həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

İki ölkə münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, rəqəmsallaşma, logistika kimi sahələrdə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması iqtisadi tərəfdaşlığı yeni mərhələyə daşıyır. Azərbaycanın tranzit imkanlarının Qazaxıstanın xammal və enerji potensialı ilə birləşdirilməsi Avrasiyanın mərkəzində dayanıqlı iqtisadi sistemin qurulmasına xidmət edir.

Humanitar sahədə həyata keçirilən layihələr isə xalqlar arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalq arasındakı mədəni diplomatiyanın bariz nümunəsidir. Bu layihə Qazaxıstanın Azərbaycanda bərpa proseslərinə mənəvi dəstəyini göstərir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Astanaya dövlət səfəri Azərbaycan və Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcını simvolizə edir. Tarixi-mədəni bağlılığa malik iki qardaş xalqın birliyini təsdiq edən bu səfər həm də regional və beynəlxalq müstəvidə strateji uğur kimi qiymətləndirilməlidir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button