AnalitikaGündəmSosial

Azərbaycan qadınlarının rolu təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da getdikcə güclənir və yeni nəsillərə örnək olur

Azərbaycan tarixi yalnız döyüşlər, dövlət quruculuğu və siyasi hadisələrlə deyil, həm də cəmiyyətin  formalaşmasında mühüm rol oynayan qadınların fəaliyyəti ilə zəngindir. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları dövlət idarəçiliyində, elmdə, mədəniyyətdə, incəsənətdə və ictimai həyatda mühüm iz qoymuşlar. Qədim dövrlərdən Azərbaycan qadınları cəmiyyətin inkişafında fəal iştirak ediblər. Arxeoloji tədqiqatlar göstərir ki, Azərbaycanda analıq hüququna əsaslanan qəbilə icmaları mövcud olub və qadınlar burada mühüm mövqe tutublar. Onlar təsərrüfat işlərində, ailənin idarə olunmasında və hətta döyüşlərdə iştirak ediblər.

Orta əsrlərdə qadınlar mədəniyyətin inkişafına da böyük töhfələr veriblər. Xüsusilə Xurşidbanu Natəvan və Məhəstəi Gəncəvi kimi görkəmli qadın şairlər ədəbiyyatın inkişafında əhəmiyyətli rol oynayıblar. Azərbaycan xanlıqları dövründə bəzi qadınlar dövlət idarəçiliyində də mühüm yer tutublar. XX əsrdə qadınların rolu daha da artdı. Xüsusilə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçki hüququ əldə etdilər. Azərbaycan bu baxımdan Şərq dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri oldu.

Sovet dövründə qadınların təhsilə, elmi araşdırmalara, sənayeyə və siyasi fəaliyyətə cəlb olunması daha da sürətləndi. Bu dövrdə Sara Aşurbəyli, Mirvarid Dilbazi, Zərifə Əliyeva kimi görkəmli qadın alimlər, şairlər və tibb xadimləri Azərbaycan elminə və mədəniyyətinə töhfələr verdilər. Müstəqillik dövründə Azərbaycan qadınları ölkənin ictimai, siyasi və iqtisadi həyatında daha fəal iştirak etməyə başladılar. Hazırda Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, biznes sahəsində, elmdə və incəsənətdə mühüm mövqelərə sahibdirlər.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qadınların ictimai-siyasi və sosial rolu cəmiyyətdə daha da güclənməkdədir. Bundan əlavə, qadın idmançılarımız da ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edirlər. Mariya Stadnik, Farida Əzizova, İrina Zaretska kimi idmançılar Azərbaycan idmanının inkişafında böyük rol oynayırlar. Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində fəal iştirak ediblər və bu gün də öz potensiallarını nümayiş etdirirlər. Onlar həm milli-mənəvi dəyərlərimizi qoruyur, həm də ölkəmizin inkişafına töhfə verirlər. Azərbaycan qadınlarının rolu təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da getdikcə güclənir və yeni nəsillərə örnək olur.

Novruzov Ələkbər,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button