AnalitikaGündəmSiyasət

Azərbaycan qadınlarının mədəni və incəsənət sahəsində nailiyyətləri

Tarix yalnız savaşlardan, dövlətlərin yaranıb süqut etməsindən ibarət deyil. Tarix həm də həmin dövrləri formalaşdıran insanların, xüsusilə də qadınların iradəsi, mübarizəsi və fədakarlığı ilə yazılır. Azərbaycan tarixində qadınlar hər zaman cəmiyyətin mühüm dayaqlarından biri olub. Onlar təkcə ailənin deyil, eyni zamanda xalqın mənəvi gücünün, milli kimliyinin və inkişafının qoruyucusu kimi çıxış ediblər.

Qədim dövrlərdən başlayaraq Azərbaycan qadını öz cəsarəti və müdrikliyi ilə seçilib. Tarixi mənbələr göstərir ki, qadınlar yalnız məişət həyatı ilə məhdudlaşmayıb, ictimai və siyasi proseslərdə də iştirak ediblər.

Azərbaycan qadınları tarix boyu mədəniyyət və ədəbiyyat sahəsində də mühüm rol oynayıblar. Onların yaradıcılığı xalqın mənəvi dünyasının zənginləşməsinə böyük töhfə verib. XIX əsrdə yaşayıb-yaratmış Xurşidbanu Natəvan yalnız şair kimi deyil, həm də xeyriyyəçi və ictimai xadim kimi tanınıb. Onun Qarabağda həyata keçirdiyi xeyriyyə işləri, insanların xeyrinə göstərdiyi diqqət bu gün də hörmətlə xatırlanır.

XIX əsrin sonu və XX əsrin əvvəlləri isə Azərbaycan qadınlarının ictimai fəallığının yeni mərhələyə qədəm qoyduğu dövr kimi xarakterizə olunur. Bu illərdə qadınların təhsilə cəlb olunması istiqamətində mühüm addımlar atıldı, maarifçilik ideyaları geniş yayıldı. Azərbaycanın ilk opera müğənnisi Şövkət Məmmədova, ilk qadın rəssamlardan biri olan Maral Rəhmanzadə kimi sənət adamları bu dövrdə qadınların mədəni həyatda necə fəal iştirak etdiyini göstərən nümunələrdir.

XX əsrdə Azərbaycan qadınları elm, təhsil, səhiyyə və digər sahələrdə də böyük uğurlar əldə etdilər. Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və oftalmologiya sahəsindəki xidmətləri Azərbaycan elminin inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Bu cür nümunələr göstərir ki, Azərbaycan qadını yalnız ailə dəyərlərini qoruyan deyil, həm də cəmiyyətin tərəqqisinə töhfə verən güclü şəxsiyyətdir.

Bu gün də Azərbaycan qadınları müxtəlif sahələrdə fəal fəaliyyət göstərir, dövlət quruculuğunda, elm və təhsildə, mədəniyyət və incəsənətdə öz sözlərini deyirlər. Onlar həm milli dəyərlərin qorunmasında, həm də yeni nəslin tərbiyəsində mühüm rol oynayırlar.

Azərbaycan tarixinin səhifələrini vərəqlədikcə aydın görünür ki, qadınlar bu tarixdə yalnız müşahidəçi olmayıb, onun formalaşmasında bilavasitə iştirak ediblər. Onların zəhməti, mübarizəsi və mənəvi gücü əsrlər boyu xalqımızın inkişafına xidmət edib. Bu səbəbdən Azərbaycan qadınının rolu təkcə keçmişimizin deyil, həm də gələcəyimizin formalaşmasında mühüm əhəmiyyət daşıyır. 

Minacət Səmədova,
Bakı Slavyan Universitetinin tələbəsi 

Oxşar Xəbərlər

Back to top button