Analitika

Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır

Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.

Rəşad Ədilzadə,
Bakı Texniki Kollecin tələbəsi

Oxşar Xəbərlər

Back to top button