AnalitikaGündəmSosial

Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır

Azərbaycan qadınlarının hüquqları uzun tarixi inkişaf yolu keçmişdir. Qədim dövrlərdə qadınlar ailə və cəmiyyət həyatında mühüm rol oynasalar da, hüquqi baxımdan müəyyən məhdudiyyətlərə məruz qalmışlar. Lakin XX əsrin əvvəllərindən etibarən qadın haqlarının qanunvericilik səviyyəsində qorunması istiqamətində mühüm addımlar atılmışdır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi regionda bir ilk olmuşdur. Bu, qadınların siyasi və ictimai həyatda aktiv iştirakına şərait yaratmışdır. Sovet dövründə qəbul edilən qanunlar sayəsində qadınların təhsil almaq, işləmək və ictimai vəzifələr tutmaq hüquqları daha da genişləndirilmişdir.

Müstəqillik dövründə Azərbaycan Respublikasının Konstitusiyası qadınların hüquq bərabərliyini təmin etmişdir. Ölkəmiz BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmuş, “Gender bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları qəbul etmişdir. Bu qanunlar qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmalarına zəmanət verir.

Azərbaycan dövləti qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması üçün müxtəlif proqramlar həyata keçirir. Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ailə və məişət zorakılığına qarşı qanunvericiliyin təkmilləşdirilməsi, qadın sahibkarlığının inkişaf etdirilməsi kimi tədbirlər bu siyasətin tərkib hissəsidir.

Bu gün qadınların hüquqlarının qorunması istiqamətində atılan addımlar onların sosial həyatda daha fəal iştirakına, iqtisadi müstəqilliyinə və liderlik mövqelərində təmsil olunmasına şərait yaradır. Hüquqi təminatların gücləndirilməsi qadınların cəmiyyətin hər sahəsində daha geniş təmsil olunmasını təmin edir.

Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button