AnalitikaGündəmSiyasət

Azərbaycan qadını dünya mədəniyyəti və dövlətçilik tarixində mühüm yer tutur

Dünya mədəniyyəti və dövlətçilik tarixində Azərbaycan qadını hər zaman mühüm və uca bir mövqe tutmuşdur. Tanınmış mütəfəkkirlər cəmiyyətin tərəqqisini qadına münasibətlə ölçmüşlər və Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu və vətənpərvərliyi ilə milli iftixar mənbəyinə çevrilmişdir.Azərbaycanın dövlətçilik ənənələrində qadın təkcə ailə ocağının qoruyucusu deyil, həm də mahir diplomat, cəsur sərkərdə və mütəfəkkir rəhbər kimi çıxış etmişdir.

Qədim Ttürk dövlət ənənələrində qadın və kişi bərabər hüquqlara sahib idilər.İlk dövlətimizdə qadınlar ata minər,ox atar və döyüşlərdə kişilərlə çiyin-çiyinə iştirak edirdilər.Massaget dövlətinin hökmdarı Tomris e.ə. VI əsrdə İran şahı II Kirin ordusunu darmadağın edərək Azərbaycan qadınının qüdrətini və vətən sevgisini dünyaya sübüt etmişdir. Qafqaz Albaniyası dövründə də qadınlar dövlət idarəçiliyində mühüm rol oynamışlar. Bərdə hökmdarı Nüşabə öz müdrikliyi və üzaqgörən siyasəti ilə dünya fatehi Makedoniyalı İsgəndəri heyran etmiş və öz torpaqlarını qan tökmədən xilas etmişdir.

Azərbaycan dövlətçilik tarixində intibah mərhələsi sayılan XII əsrdə Möminə xatun Atabəylər dövlətinin idarə olunmasında və daxili siyasətində misilsiz xidmətlər göstərmişdir.O, təkcə “saray daxilində”  məsləhətçi deyil, həm də gələcək hökmdarların tərbiyəçisi və dövlət diplomatiyasının dayağı olmuşdur. XV əsardə Azərbaycan diplomatiyasının ən parlaq siması Sara xatun olmuşdur.O, Şərqin ilk diplomatı kimi tanınmış Avropa kralları, Roma Papası və Osmanlı sultanlatrı ilə bərabərhüquqlu danışıqlar apararaq Ağqoyunlu dövlətinin mənafelərini qorumuşdur. Sara xatun həm də cəsur bir sərkərdə ruhuna sahib idi və dövlətin ən ağır günlərində qərarlar qəbul edirdi. Xanlıqlar Dövrü və Milli Azadlıq Mübarizəsi XVIII-XIX əsrlərdə də Azərbaycan qadını öz fəallığını itirməmişdir. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutu Bikə Dərbəndin müdafiəsinə rəhəbərlik edərək cəsarət və vətənpərvərlik nümunəsi göstərmişdir.

Gəncə xanlığının işğalı zamanı Bəyim xanım Rusiya imperiyasına qarşı mübarizədə Cavad xanla birlikdə qaladan geri çəkilməmiş, sonadək vuruşmuşdur. Qarabağ xanının qızı Xurşudbanu Natavan isə təkcə poeziyada deyil, həm də xeyriyyəçilik və ictimai fəaliyyətlə Azərbaycan mədəniyyətində ictimai həyatında silinməz izlər qoymuşdur. O, Şuşaya su kəməri çəkdirmiş və mədəniyyətin inkişafına böyük töfhələr vermişdir.

Elm, səhiyyə və ictimai fəaliyyət Azərbaycan qadınının ictimai-siyasi həyatda iştirakı 1918-ci ildə Azərbaycan Xaıq Cumhuriyətinin qurulması ilə yeni mərhələyə qədəm qoymuşdur. Hələ o zaman müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilmişdir.

XX əsrdə Azərbaycan qadını elmdə, mədəniyyətdə və tibdə böyük zirvələr fəth etmişdir.Müasir dövrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan qadınının xeyirxahlıq, müdriklik və müasirlik rəmzidir.  Onun rəhbərliyi ilə təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirilən layihələr Azərbaycan qadınının cəmiyyətdəki rolunu daha da yüksəltmiş və milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.

Beləliklə,  Azərbaycan qadını tarixin bütün sınaqlarından üzüağ çıxaraq öz mənliyini, ləyaqətini və müdrikliyini qoruyub saxlamışdır. İstər qədim döyüş meydanlarında, istərsə də müasir elmi və siyasi tribunalarda qadınlarımız dövlətimizin güclənməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına misilsiz xidmətlər göstərmişlər. Bu gün müstəqil Azərbaycanın inkişafında qadınların fəal iştirakı milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir.

Vəfa Həsənova,
Bakı Slavyan Universitetinin dosenti

Oxşar Xəbərlər

Back to top button