Analitika

Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət dostlarımızın sayının artması ilə nəticələnir

Bu gün uğurlu xarici siyasətin əhəmiyyətini, bəhrəsini görürük. Təhlükəsizlik Şurasının iclası göstərdi ki, biz təkcə Ermənistanla deyil, onun himayədarları ilə də mübarizə aparırıq. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı BMT TŞ-dəkı müzakirələri qələbə kimi ermənilərə təqdim etdi. Təbii ki, N.Paşinyanın yalan danışmaq, öz xalqını aldatmaq kimi qeyri-adi bacarıqları var. Sözdə ölkəmizin ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan əslində Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiya siyasətinə qarşı çıxır. N.Paşinyan bölgədə sülhün və sabitliyin təmin olunmasını istəyirsə, BMT Təhlükəsizlik Şurasına, Avropa Ədalət Məhkəməsinə deyil, Azərbaycana müraciət etməli, rəsmi Bakının 5 bəndlik sülh təklifinə “hə” deməlidir. Azərbaycanla birbaşa konstruktiv danışıqlar aparmaqla sülh və sabitlik əldə etmək mümkündür. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan BMT-nin qətnamələrini belə kağız parçası kimi kənara atdı, beynəlxalq çağırışlara qulaq asmadı, heç bir sözə, vədə əməl etmədi. Beynəlxalq ictimaiyyət onların bu ədalətsizliyinə illərlə göz yumdu. Dünyada müəyyən qüvvələr indi də ermənilərin hay-küylərini ciddiyə alır, onlara inanırlar. BMT Təhlükəsizlik Şurasında Qarabağdakı ermənilərlə bağlı iclasın çağırılmasının özü İrəvanın beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı siyasi-şounun, qarayaxmanın nəticəsində mümkün oldu. Amma biz onların çirkin siyasi-diplomatik kampaniyalarını özlərinə qarşı çevirdik, beynəlxalq tribunada erməni yalanlarını ifşa etdik. Ermənistan üzərində hərbi qələbəmiz tamamlansa da, diplomatik müharibəmiz davam edir. Biz bu istiqamətdə də nəzərəçarpacaq qədər böyük qələbələr qazanırıq. Azərbaycan tərəfi Ermənistanın saxta iddialarına və anti-Azərbaycan qüvvələrinə tutarlı cavablar verdi. Bütün bunlar onu göstərir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə meydanında olduğu kimi, diplomatiyada da qazanılacaq qələbə formulunu dəqiqliklə düşünüb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi siyasi və diplomatik qələbələrimizdə mühüm rol oynadı. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradıb. Azərbaycan Prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu kontekstdə Azərbaycan özünün çoxvektorlu xarici siyasi kursuna müvafiq olaraq Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan kimi qonşu dövlətlərlə səmərəli əlaqələrə, qarşılıqlı-faydalı münasibətlərə malikdir, çoxşaxəli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bütövlükdə isə, Azərbaycanın konstruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti narahat edən hallara qarşı digər ölkələr ilə koordinasiyalı fəaliyyəti ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır”.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button