Analitika

Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi

Bu gün dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi güc sahibi olmasıdır. Azərbaycan lideri İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz hər iki istiqamət üzrə inkişafın zirvəsindədir. Suveren hüquqlarımızın bərpası naminə həyata keçirilən 24 saatlıq antiterror tədbirini hay-küylə qarşılayan, hər fürsətdə ona kölgə salmağa çalışan dairələr zaman ötdükcə daha çox qəbul edəcəklər ki, Azərbaycana qarşı tətbiq etdikləri selektiv yanaşma və ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin dairələr ictimai şəkildə etiraf etməsələr də, yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. Dünya gücləri 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button