AnalitikaGündəmSiyasət

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə yüksəlir

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan televiziyasına müsahibəsində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək səviyyədədir. Dövlət başçısı Özbəkistanı həm “qardaş ölkə”, həm də “etibarlı tərəfdaş” adlandıraraq bildirib ki, iki xalqı birləşdirən tarixi və mənəvi bağlar çox qədim və möhkəmdir.

Prezidentin sözlərinə görə, son illər iki ölkə arasında iqtisadi əlaqələr də intensiv şəkildə genişlənir. O, hazırda Azərbaycanda fəaliyyət göstərən çoxsaylı özbək şirkətlərinin bu əməkdaşlığın real göstəricisi olduğunu qeyd edib. Ticarət dövriyyəsində müşahidə edilən artımın isə gələcəkdə daha çox birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağı xüsusi vurğulanıb.

Cənab İlham Əliyev müsahibə zamanı Özbəkistanın Qarabağın bərpası prosesinə verdiyi dəstəyə görə minnətdarlığını da ifadə edib. Füzuli şəhərində Mirzo Ulugbek adına məktəbin inşasının iki ölkə arasındakı dostluğun bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

Prezident əlavə edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı yalnız iqtisadi sferada deyil, mədəniyyət, humanitar sahə və media platformalarında da uğurla inkişaf edir. Türk Dövlətləri Təşkilatı da daxil olmaqla beynəlxalq qurumlarda qarşılıqlı dəstək bu tərəfdaşlığı daha da gücləndirir.

Müsahibənin sonunda dövlət başçısı Özbəkistana planlaşdırılan səfərlərin və yeni təşəbbüslərin münasibətləri daha da möhkəmləndirəcəyinə əmin olduğunu qeyd edib.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button