AnalitikaGündəmSiyasət

Azərbaycan – Özbəkistan münasibətləri qardaşlıq və etibarlı müttəfiqliyin bariz nümunəsidir

Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası dünya ölkələri ilə bərabərhüquqlu siyasi və iqtisadi əlaqələr yaratmaq istiqamətində uğurlu fəaliyyət göstərir. Xüsusilə Ulu Öndər Heydər Əliyev respublikamızda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizin beynəlxalq münasibətləri olduqca güclənmiş və daima yüksələn xətt üzrə inkişaf etmişdir. Ulu Öndərin siyasi və iqtisadi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasi xətt isə ölkəmizin bütün sahələrdə olduğu kimi beynəlxalq münasibətlərdə də mühüm uğurlar qazanması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının apardığı çoxşaxəli xarici siyasət dövlətimizin nüfuzunun möhkəmlənməsinə səbəb olmuş, bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş kimi müsbət imicini formalaşdırmışdır.

Azərbaycan Respublikası müstəqil dövlət kimi bütün dünya dövlətləri ilə bərabərhüquqlu siyasi və iqtisadi münasibətlər yaratmağı öz xarici siyasətinin prioriteti elan etmişdir. Bununla yanaşı, xalqımızın milli-etnik kimlik, adət-ənənələr və ümumi dəyərlər baxımından bağlı olduğu türk dünyası ilə əlaqələrinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində proqram xarakterli çıxışında türk dünyası ilə əlaqələrin xüsusi əhəmiyyətini bu şəkildə vurğulamışdı: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

Dövlət başçısının bu fikri Azərbaycan Respublikasının türk dünyası ilə əlaqələrin inkişaf etdiriməsinə  verdiyi önəmi bir daha göstərir. Böyük tarixə keçmişə malik olan, bəşər sivilizasiyasına böyük töhfələr vermiş türk xalqlarının müasir dövrdə siyasi və iqtisadi əlaqələrini davam etdirməsi bu xalqların inkişafı baxımından olduqca mühüm hadisədir. Əsası hələ 1992-ci ildə Türkdilli ölkələrin dövlət başçılarının Ankarada keçirilmiş I zirvə görüşü ilə qoyulmuş türk dövlətlərinin birləşməsi hərəkatı 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş IX zirvə görüşündə Türk Dövlətləri Təşkilatının yaranması ilə öz məntiqi nəticəsinə çatmışdı.

Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatı, eləcə də birbaşa siyasi-iqtisadi əlaqələr çərçivəsində bütün türk dövlətləri ilə dərin münasibətlər yaradaraq onu gündən-günə inkişaf etdirir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, xalqlarımız arasında tarixən mövcud olmuş mədəni, siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Heç təsadüfi deyildir ki, 2025-ci il noyabrın 13-də Prezident İlham Əliyev  Özbəkistanın UzA agentliyinə verdiyi geniş müsahibədə iki ölkə arasında qarşılıqlı münasibətlərin diplomatik, iqtisadi, nəqliyyat-logistika, investisiya və mədəni-humanitar sahələrdə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edərək Özbəkistanı “qardaş ölkə və Azərbaycanın etibarlı müttəfiqi” kimi səciyyələndirmişdir. Dövlət başçısının fikrincə, iki xalq arasında mövcud olan dil, tarix, mədəni köklər və etnik bağlar siyasi əməkdaşlıq üçün güclü baza təşkil edir və dövlətlərarası münasibətlər bu möhkəm təmələ əsaslanır.

Hazırda Azərbaycan-Özbəkistan münasibətləri öz inkişafının ən yüksək zirvəsinə çataraq müttəfiqlik səciyyəsi daşıyır. Münasibətlərin bu şəkildə inkişaf etməsi xalqlarımız arasındakı sarsılmaz qardaşlıqla yanaşı, hər iki ölkə lideri arasında olan şəxsi dostluq, qarşılıqlı hörmət və etimaddan da irəli gəlir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin, 2025-ci ilin avqustunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri dövlətlərarası münasibətləri daha da möhkəmləndirən onlarla sənədin imzalanması ilə müşayiət olunmuşdur. Qarşılıqlı səfərlər zamanı imzalanmış Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik Münasibətləri haqqında Müqavilə, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” kimi mühüm sənədlər iki dövlət arasındakı münasibətlərin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda uğurla davam etdirilir. Bundan başqa, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi və sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyü bütün platformalarda Özbəkistan dövləti tərəfindən qeyd-şərtsiz dəstəklənmiş, xalqımızın Vətən müharibəsində əldə etdiyi şanlı zəfər özbək xalqının səmimi sevincinə səbəb olmuşdur. Heç təsadüfi deyildir ki, Qarabağ bölgəsinin yenidən qurulması üzrə təşəbbüs irəli sürən ilk dünya lideri Özbəkistan prezidenti Şavkat Mirziyoyev olmuşdur. Özbəkistanın Qarabağın bərpasına verdiyi mühüm töhfə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi hesab edilə bilər.

İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası da yüksələn xətt üzrə inkişaf etməkdədir. Qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində aparılan işlərin nəticəsi olaraq Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. İki ölkə arasında əmtəə dövriyyəsi 2024-cü ildə 252 milyon ABŞ dolları, 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatmışdır. Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoymuşdur. Xüsusilə, işğaldan azad edilmiş Xankəndidə açılmış tikiş fabriki həm iqtisadi, həm də ənənəvi dostluğun inkişaf etdirilməsi baxımından olduqca təqdirəlayiqdir.

Azərbaycanın nəqliyyat-logistika potensialı, xüsusilə Zəngəzur dəhlizi ideyasının artıq reallığa çevrilməsi Özbəkistanla iqtisadi münasibətlərin daha da gücləndirilməsi istiqamətində yeni imkanlar açmışdır.

İki ölkə arasında mədəni və humanitar əməkdaşlıq dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilmiş, Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunmuşdur. İki ölkə arasında idman sahəsində də əməkdaşlıqda müsbət nəticələr əldə edilmişdir. Azərbaycan və Özbəkistanın birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsi barədə qərar qəbul etmişdir. Prezident İlham Əliyev bu halı Avropa ilə Asiyanı birləşdirəcək “ortaq tarixi nailiyyət” adlandırmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan və Özbəkistan arasında mövcud olan yüksək əməkdaşlıq və müttəfiqlik əlaqələrinə həsr olunmuş müsahibəsi olduqca mühüm məqamlara aydınlıq gətirir. İki ölkə arasında münasibətlərin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan yalnız Qafqazda deyil, həmçinin Mərkəzi Asiya regionunda da geniş və hərtərəfli əlaqələri inkişaf etdirən regional mərkəz kimi çıxış edir. Bu, eyni zamanda, Azərbaycana Zəngəzur dəhlizi kimi yeni nəqliyyat dəhlizləri hesabına Çin və Mərkəzi Asiyanı Qərb dünyası ilə bağlayan böyük layihələrdə mühüm aktor olmaq imkanı verir. Bundan əlavə, dövlət başçısının da çıxışında qeyd etdiyi kimi, mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq Azərbaycan və Özbəkistana, bütövlükdə isə türk dünyasına geosiyasətdə “yumşaq güc” faktorundan istifadə etmək perspektivləri açır. Bütün bunlar isə öz növbəsində, Azərbaycanın yeni regional siyasətinin təzahürləri, ölkəmizin Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əldə edəcəyi yeni-yeni uğurların göstəricisidir.

Minurə Nuriyeva
Xəzər rayonu,  292 №-li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button