AnalitikaGündəmSiyasət

Azərbaycan-Özbəkistan münasibətləri

İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də qurulmuşdur[1].1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Ümumiyyətlə, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub.

Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. İndiyədək komissiyanın səkkiz iclası keçirilmişdir. Sonuncu iclas ötən il sentyabrın 8–9-da olmuşdur.

Görkəmli Azərbaycan və özbək klassikləri — Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir

. Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir

Quliyeva Aynur
Xəzər rayonu, H.Z.Tağıyev adına 123№li tam orta məktəbin müəllimi 

Oxşar Xəbərlər

Back to top button