Analitika

Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını xüsusi vurğuladı. Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin quruma üzv olan dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısındakı çıxışında ötən il Özbəkistana bir dövlət, iki işgüzar səfər etdiyini xatırlatmaqla münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə aydınlıq gətirdi. Eyni zamanda, bu mühüm məqam da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, Türk dünyasının birliyinin təqdimatı oldu.Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Bildirildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu, Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin, 30 il davam edən işğal dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında növbəti platformaya çevrilir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti bu reallığa yönəldib ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır.Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button