Analitika

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də bu gün dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm “yaşıl” layihələr uğurla icra olunur və sözügedən sahədə gələcəkdə yüksək göstəricilər əldə ediləcəyi proqnozlaşdırılır. Çünki respublikamızın bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik məkanı kimi tanınması, eyni zamanda, enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi ölkəmizin yaxın illərdə bu sahədə də əsas təchizatçılardan birinə çevriləcəyini deməyə əsas verir. Dövlətimizin başçısı cənab İlham Əliyev iyunun 21-də Bakı Ekspo mərkəzində Bakı Enerji həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri zamanı “Euronews”a verdiyi müsahibədə bir sıra önəmli məsələlərə toxunub, önəmli mesajlar verib. Dövlət başçısının sözlərinə görə, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir, potensial var”. “Siz Günəşi, istəyimizi və o cümlədən, küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Prezident vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixində “Euronews”a müsahibəsi bu məsələyə mükəmməl şəkildə aydınlıq gətirməyə yönəlib: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”. Ölkəmizdə artıq 1994-cü ildən başlayaraq 30 ildir ki, “Bakı enerji həftəsi” keçirilir. Bu il keçirilən tədbirdə dünyanın 37 ölkəsindən 300-dən çox nümayəndə iştirak etmişdir. Dövlətimizin başçısının həmin müsahibədə səsləndirdiyi mühüm fikirə diqqət edək: “Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”. Məntiq budur: Azərbaycan iqlim dəyişmələri və enerji problemlərini, başqa sözlə, bəşəriyyətin gələcəyini düşünən öncül dövlətlərdən biridir. Qeyd edək ki, ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri yerli və xarici ekspertlər tərəfindən Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilib.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button