Analitika

Azərbaycan neft-qaz sahəsində uğurla və inamla irəliləyir

Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir. Eramızdan min illər qabaq burada ibtidai üsullarla neft çıxarıldığı və karvan yolları ilə müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunur. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların generatoru olaraq tanınmış, misilsiz fədakarlıqlar göstərərək, ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab edilmişdir.

Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatları – elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd neft sənayesində elmtutumlu müasir sahələrin inkişafına təkan verməkdən, aktual və prioritet istiqamətləri müəyyənləşdirməkdən, keçmiş SSRİ-nin elmi-texniki fikrini bu istiqamətlərə yönəltməklə son nəticədə bütün mümkün vasitələr hesabına Azərbaycan neft təsərrüfatının modernizasiyasını həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi. Dünya neft sənayesinin gələcək inkişaf yolunun məhz dənizdə neftçıxarma ilə bağlı olacağını irəlicədən görən Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlanıldı.

Müasir dövrdə fəaliyyət sferasının qloballaşması neft-qaz şirkətlərinin başlıca xüsusiyyətlərindən sayılır. Hazırda dünyanın neft-qaz bazarı o qədər qloballaşmışdır ki, bir ölkənin hüdudları çərçivəsində qapanıb qalmaqla bu bazarda müvəffəqiyyət qazanmaq mümkün deyildir. Ölkə Prezidentinin çevik, müasir və rəqabətə davamlı bir quruma çevrilmək tapşırığını əldə rəhbər tutan ARDNŞ xarici ölkələrdə investisiya proqramları həyata keçirir, cəlbedici layihələr icra edir, inamlı addımlar atır. Xaricdəki fəaliyyətinin səmərəli təşkili məqsədi ilə Şirkətin 10-dan artıq ölkədə nümayəndəlikləri təsis edilmişdir. Bu qurumlar beynəlxalq layihələrin hazırlanması və icra olunmasında ARDNŞ-ni təmsil edir. Qısa müddətdə ciddi nailiyyətlər qazanılmışdır. Şirkətin Gürcüstandakı aktivi olan Kulevi Qara Dəniz Terminalı ildə 10 milyon ton xam neftin, dizel yanacağının və mazutun qəbulu, saxlanılması və gəmilərə yüklənməsi imkanına malikdir. Ən müasir avadanlıqla təchiz olunmuş bu müəssisə haqlı olaraq qonşu ölkənin ən yaxşı infrastruktura malik neft terminalı sayılır.

Dövlətimizin müdrik rəhbəri İlham Əliyev cənabları Azərbaycan neft sənayesinin daha işıqlı gələcəyinə inamını vurğulayaraq demişdir: “Mən əminəm ki, bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir”.

Bu inam neftçilərimizi daha böyük qələbələrə ruhlandırır. Qədim tarixə, şərəfli ənənələrə malik neft sənayesi əməkçiləri bundan sonra da Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş davamlı müasirləşmə və yeniləşmə kursuna sədaqətlə daha böyük zirvələrə doğru inamla irəliləyir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button