Analitika

Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.  Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü kimi onların işində yaxından iştirak edir. Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı xətt təşkil edir. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Lakin Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Ulu öndər Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı:

“1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat Azərbaycan-NATO əlaqələrinin yüksələn xətlə inkişafından xəbər verir. Belə ki, görüş zamanı Baş katib bu əlaqələrin NATO tərəfindən yüksək qiymətləndirildiyini dilə gətirib. Öz növbəsində dövlət başçımız da Azərbaycanın NATO proqramları və tədbirlərində fəal iştirakını qeyd edib”.

Onun sözlərinə görə, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Görülən işlər onu deməyə imkan verir ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı daha da artacaq.

Oxşar Xəbərlər

Back to top button