Analitika

Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindən səmərəli şəkildə istifadə edir

Prezident İlham Əliyevlə görüş əsnasında Y.Stoltenberq enerji təhlükəsizliyi sahəsində Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif sahələrdəki  xarakterini də açdı. Bu baxımdan rəsmi Bakının Ermənistanın təcridini və zəifliyini artırmaq üçün geostrateji təsir imkanlarından istifadə etməyə çalışması İrəvanın sülhə məcbur edilməsinin fərqli yollarından biridir. Bundan əlavə, bu tərəfdaşlıq Bakı üçün Ermənistana  münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu da oynayır ki, bu da son nəticədə İrəvanın zəifləməsinə gətirib çıxara bilər.  Həmçinin Azərbaycanın qapalı formatda  Fransa başda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan narahatlığını son görüşdə ortaya qoyması və bunun aradan qaldırılmasının zəruriliyini vurğulaması real arqumentlərdəndir. Çünki davamlı siyasi və hərbi dəstək Ermənistanı sülhdən yayındıra bilər, bu da regional sabitliyə təhdidləri artırır. Vətən müharibəsindənki Qələbədən, ümumuiyyətlə, 2021-ci ildən sonra NATO ilə Azərbaycan arasında qarşılıqlı səfərlər müntəzəm xarakter almağa başladı. Belə ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə Alyansın mənzil-qərargahına baş çəkərək Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı əlaqəyə malik olmasından çox məmnun olduğunu” bəyan etməsi münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. 2021-ci ildən bəri NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın və digər NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq, baxımından da əhəmiyyətli idi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2023-cü ilin mayında Brüsseldə NATO rəsmiləri ilə bir sıra görüşlərə qatılması da deyilənləri təsdiq edir. Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə də inkişaf etdirir. Belə ki, Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən də faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO standartlarına yaxınlaşdırmağı hədəfləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta 2021-ci il iyunun 15-də imzalanmış ikitərəfli Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradıla biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü göstəricisidir. 2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti Azərbaycanın hərbi obyektlərinə baş çəkib və “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən əməliyyat imkanlarında irəliləyişi” yüksək qiymətləndirib. Bütün bunlar onu göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindən səmərəli şəkildə istifadə edir və onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma və minalardan təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasındadır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button