Analitika

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycan ilə əməkdaşlığa can atır və bu ölkələr arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. Azərbaycan daha bir mühüm əhəmiyyətli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdi. Bu vaxta qədər ölkəmiz dünya birliyində nüfuzlu beynəlxalq təşkilatların keçirildiyi məkan kimi tanınıb.

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1993-cü ilin ikinci yarısından başlayaraq, nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmiş, illər sonra həmin qurumların ən fəal üzünə çevrilmiş və bir sıra mötəbər qurumlara sədrlik də etmişdir. Ölkəmizin sədrliyi dövründə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir.

Budur, Azərbaycan daha bir quruma – SPECA-ya sədrliyi qəbul edib. Bu qərar bu il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşündə qəbul edilmiş Birgə Bəyanatda əksini tapmışdır. SPECA 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramıdır. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan bu təşkilata üzvlüyə malikdir. Əslində, SPECA üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların dünya iqtisadiyyatına inteqrasiyasını təşviq etməkdir. SPECA-nın yaradılmasının 25-ci ildönümünün Bakıda keçirilməsi və Azərbaycanın bu təşkilata sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət almasına baxmayaraq, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Dövlətimizin başçısı bildirdi ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Son bir il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir.

İstər regionda, istərsədə dünyada baş verən qeosiyasi proseslər dövlətləri birgə əməkdaşığa səsləyir. Onu da qeyd edək ki, 1990-cı illər təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün önəmli tarix hesab edilir. SSRİ-nin süqutu nəticəsində beş türk dövlətinin müstəqillik əldə etməsi türk dünyasını canlandırdı. Müstəqilliyin bərpasından sonra Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoydu.

Azərbaycanın Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. Görüşün sonunda Bakı Bəyannaməsi qəbul edilib. SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürün öz əksini tapması Zirvə görüşünün yüksək səviyyədə keçməsindən xəbər verir.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button