AnalitikaGündəmSiyasət

Azərbaycan-Macarıstan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu səfər, həm ikitərəfli münasibətlərin inkişaf dinamikasını əks etdirir, həm də dəyişən qlobal geosiyasi kontekstdə ortaq çağırışlara yanaşma baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Macarıstanı birləşdirən əlaqələr sadəcə diplomatik və iqtisadi maraqlarla məhdudlaşmır. Bu münasibətlərin kökündə ortaq tarixi köklər, mədəniyyətə və milli kimliyə bağlılıq, demoqrafik və coğrafi bənzərliklər durur. Hər iki xalq öz tarixinə böyük hörmətlə yanaşır və milli irsə sadiqliyi ilə seçilir. Bu xüsusiyyətlər ölkələr arasında dərin mənəvi bağların və qarşılıqlı anlaşmanın yaranmasına səbəb olmuşdur. Danışıqlar zamanı tərəflərin bir çox mühüm məsələlər üzrə eyni mövqedən çıxış etməsi də təsadüfi deyil. Qlobal miqyasda gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycan və Macarıstan beynəlxalq hüququn aliliyini və dövlətlərin suverenliyinə hörməti öz xarici siyasətlərinin əsas prinsipləri kimi qəbul edirlər. Xüsusilə də regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının diversifikasiyası kimi məsələlərdə eyni mövqelərin paylaşılması iki ölkənin strateji müttəfiqliyini daha da gücləndirir.
Prezident Əliyevin çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də Azərbaycan və Macarıstanın oxşar coğrafi və geosiyasi mövqeləridir. Hər iki ölkənin açıq dənizlərə çıxışının olmaması, regional münaqişələrə yaxınlığı və müharibə aparan dövlətlərlə həmsərhəd olması onların eyni çağırışlarla üzləşməsinə səbəb olur. Bu bənzərliklər, eyni zamanda, təhlükəsizlik, müdafiə və beynəlxalq əməkdaşlıq sahələrində ortaq addımların atılması üçün də əlverişli zəmin yaradır. Əlavə olaraq, enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas tərəfdaşlardan biridir və Macarıstan bu əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın Avropa bazarlarına çıxışı, Macarıstan kimi mərkəzi Avropa ölkələrinin də enerji təchizatının şaxələndirilməsinə imkan verir. Bu baxımdan, Azərbaycanın təşəbbüsləri və Macarıstanın dəstəyi qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın mühüm sütunlarından biridir. Azərbaycan-Macarıstan münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Hər iki ölkə BMT, Avropa Şurası və digər qurumlarda bir-birinin mövqelərini dəstəkləməklə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın nümunəsini yaradır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini və gələcəkdə birgə layihələr, ortaq təşəbbüslər vasitəsilə bu əməkdaşlığın yeni zirvələrə yüksələcəyini göstərir. Oxşar çağırışlar qarşısında olan bu iki dost və tərəfdaş ölkənin birliyi regional sabitliyə, davamlı inkişafa və sülhə xidmət edir.


İsmayıl Nağızadə,

Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button