AnalitikaGündəmSiyasət

Azərbaycan Konstitusiyası – Müstəqil Dövlətimizin Hüquqi və Siyasi Təməlidir

Azərbaycan xalqı üçün 12 Noyabr tarixi mühüm və qürurverici bir gündür. Məhz bu tarixdə – 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edilmişdir. Bu hadisə ölkəmizin siyasi və hüquqi həyatında dönüş nöqtəsi olmuş, dövlətçiliyimizin möhkəm təməlini formalaşdırmışdır. Konstitusiya hər bir dövlətin hüquqi əsaslarını, idarəetmə sistemini və vətəndaş cəmiyyətinin əsas prinsiplərini müəyyən edən başlıca sənəddir.

Azərbaycan Respublikasının Konstitusiyası da xalqın suveren iradəsini, azadlıq və ədalət prinsiplərinə sadiqliyini əks etdirir. Bu sənəddə dövlətin əsas prinsipləri, hakimiyyətin bölünməsi, insan və vətəndaş hüquq və azadlıqları, həmçinin dövlətin bu hüquqları qorumaq vəzifələri aydın şəkildə təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına möhkəm zəmin yaratmışdır. Konstitusiya xalqımızın azad iradəsinin ifadəsi olmaqla yanaşı, dövlətin və cəmiyyətin qarşılıqlı məsuliyyətini də müəyyən etmişdir. Bu, dövlət orqanlarının fəaliyyətinin şəffaflığını və qanunçuluğunu təmin edən əsas hüquqi çərçivədir. Azərbaycan Konstitusiyası 12 noyabr 1995-ci ildən etibarən ölkəmizin bütün hüquqi sisteminin əsasını təşkil edir. Onun qəbulundan sonrakı dövrlərdə həyata keçirilən islahatlar – o cümlədən 2002, 2009, 2016 və 2024-cü illərdə edilən əlavə və dəyişikliklər – Konstitusiyanın dövrün tələblərinə uyğun təkmilləşdirilməsini təmin etmiş, dövlət idarəçiliyinin müasirləşdirilməsinə mühüm töhfə vermişdir.

Bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının təminatçısıdır. Konstitusiyamızda təsbit olunan bərabərlik, ədalət, sosial rifah, söz və vicdan azadlığı prinsipləri müasir Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafını təmin edən əsas dəyərlərdir. 12 Noyabr – Konstitusiya Günü təkcə hüquqi bayram deyil, həm də milli dövlətçiliyimizin, azadlığımızın və xalqımızın siyasi yetkinliyinin rəmzidir. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün vətənə, dövlətə və qanunlara sadiqliyin, azadlıq və ədalət ideallarına bağlılığın təntənəsidir. Müstəqil Azərbaycanın inkişaf yolu göstərir ki, hüquqi dövlətin əsası olan Konstitusiya bu gün də ölkəmizin siyasi, sosial və iqtisadi həyatında aparıcı rol oynayır.

Qanunun aliliyi, vətəndaş həmrəyliyi və dövlətin məsuliyyət prinsipləri üzərində qurulan bu sistem xalqın rifahına, ölkənin sabitliyinə və gələcək nəsillərin firavanlığına xidmət edir. Bu münasibətlə bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik etmək, hər birimizi bu dəyərləri qorumağa və hüquqi dövlətin inkişafına töhfə verməyə səsləmək gərəkdir.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button