Analitika

Azərbaycan-İran iqtisadi əməkdaşlığının dinamikası çoxistiqamətli qarşılıqlı əlaqələr hər iki tərəfin iqtisadiyyatına müsbət təsir göstərmişdir

Son illər İran dövləti öz geosiyasət kursunda digər regional dövlətlərlə yanaşı, Cənubi Qafqaz dövlətlərinə də böyük əhəmiyyət verməkdədir. Ümumiyyətlə, Azərbaycan Respublikası Cənubi Qafqazın tarixi baxımdan ən qədim, mədəni baxımından daha zəngin, iqtisadi nöqteyi-nəzərdən isə ən güclü ölkəsidir . Eyni zamanda Azərbaycan və İran dövləti arasında sıx tarixi əlaqələr mövcuddur. İranda əsrlərdir ki, on milyonlarla azərbaycanlı soydaşımız yaşamaqdadır. Azərbaycanda da həmçinin çoxsaylı irandilli xalqlar məskunlaşmışlar. Bütün bu amillər Azərbaycanı İranın Cənubi Qafqaz siyasətinin mərkəzində olmasına səbəb olmuşdur. Azərbaycan da daim İranla olan xüsusi münasibətlərini, bu ölkənin Yaxın və Orta Şərqdə yerini, habelə dünyada gedən proseslərdə İranın rolunu öz xarici siyasətində nəzərə almaqdadır. Göstərilən amillər İran-Azərbaycala əlaqələrinin həm siyasi, həm də iqtisadi təzahürlərində özünü büruzə verməkdədir. Şərait, şərtlər və tələbatlar isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyən etmişdir. Onu da qeyd etmək lazım dır ki, müasir iqtisadi əlaqələr regional dövlətlər arasında daha geniş yayılmaqdadır.

İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı hər iki tərəf üçün çox lazımdır və indi də öz aktuallığını saxlamaqdadır. Belə ki, qloballaşan dünya iqtisadi sistemi daxilində İran və Azərbaycan iqtisadiyyatlarının da müəyyən qarşılıqlı asılılığı mövcuddur . Müasir dövr İran və Azərbaycan iqtisadi əlaqələrinin inkişafında İran-Azərbaycan Dövlətlərarası Müştərək Komissiyasının böyük rolu vardır. 1992-ci il noyabrın 16-dan 20-dək Azərbaycan Respublikası ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın birinci iclası keçirilmişdir. Görüşün nəticəsi olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanmışdır. İndiyə qədər Komissiya Bakıda və Tehranda bir sıra işgüzar görüşlər keçirmiş, əlaqələrin inkişafı və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycanla birgə müasir İranda da bir sıra iqtisadi islahatlar keçirilmişdir. Artıq 1990-cı illərdən İranın iqtisadi situasiyasında yaxşılaşma müşahidə olunmuşdur. İranın xarici iqtisadi borcları azalmışdır. 2001-2002-ci illərdə xarici borc 1992-1993-cü ilə nisbətdə 23 mlrd dollardan 7,2 mlrd dollara, 2003-2004-cü ildə 2002-2003-cü ilə nisbətən 2,2-dən 1,4 mlrd ABŞ dollarına enmişdir. UDM-də fərdi istehlak xərclərinin azalması onun yığılmasında özəl kapitalın rolunu artırmışdır. Tək 2000-2001-ci illərdə özəl kapital ümummilli investisiyaların tərkibində 72,8%-ə çatmışdır. Bütün bu sadalananlar bir daha nümayiş etdirm əkdədir ki, İran və Azərbaycan qarşılıqlı iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini gücləndirməkdə maraqlı olmuşlar. İstər sənaye, istərsə də digər məhsulların qarşılıqlı mübadiləsi ölkələrin iqtisadi imkanlarını daha da artırmışdır.

Son dövrlərdə bütün dünyada gedən gərgin və ziddiyyətli proseslərə baxmayaraq, Azərbaycan və İran arasında əlaqələr öz normal axarı ilə inkişaf etməkdədir. Doğrudur, hər iki dövlətin bütün məsələlərə yanaşma tərzi eyni deyil. Ancaq bu, qarşılıqlı münasibətlərin gücləndirilməsinə xidmət edən ümumi kursa zərər vura bilməz. Bunu dövlət başçıları səviyyəsində qarşılıqlı isti münasibətlər göstərməkdədir. Beləliklə, Azərbaycan-İran iqtisadi əməkdaşlığının istiqamətlərindən danışarkən bəlli olur ki, bu əlaqələr çoxistiqamətli xətlə inkişaf etmişdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button