Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur
Mayın 19-da İran-Azərbaycan sərhədində “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi həm Azərbaycan, həm də bütövlükdə region üçün çox böyük əhəmiyyətə malik tarixi hadisədir.
İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İranın dövlət başçısı Cəbrayıl rayonu ərazisinə gəldi, iki ölkənin rəhbərləri işğaldan azad olunmuş ərazidə görüşdülər.
Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi layihəsinin icrasında iştirak edə bilməyib. “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən, yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci il dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb. 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib.
Ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib. Beləliklə, inşa olunan hidroqovşaqlar hər iki ölkə üçün həm böyük iqtisadi layihə, həm də qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından daha bir mühüm vasitədir.
Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra azad etdiyi ərazilərdən keçməklə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində də mühüm layihələrin icrasına başlayıb. Bu layihələrdən biri məhz İranla reallaşdırılır. 2021-ci ildə iki ölkə arasında imzalanan sazişlə Azərbaycanın Zəngilan rayonundan İran üzərindən Naxçıvana avtomobil, dəmiryol və elektrik enerjisi xətlərinin tikintisinə başlanıb. Naxçıvandan isə bağlantı Türkiyə və Avropaya qədər uzanacaq. Beləliklə, İranla Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində faydalı əməkdaşlığı Transxəzər Nəqliyyat Dəhlizi layihəsində davam etdiriləcək. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Murad Zeynalov,
YAP Nizami rayon təşkilatının gənc fəalı