Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur
Cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.
İclası Rusiya Prezidenti Vladimir Putin açıq elan edərək tədbirdə ilk dəfə qonaq qismində iştirak edən hörmətli İlham Əliyev və Azərbaycan nümayəndə heyətini xüsusilə salamlayıb və iştirak üçün təşəkkürünü bildirib. Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış etmişlər.
Prezident İlham Əliyev də həmin iclasda çıxış edərək bir sıra mühüm məsələlərə toxunmuşdur. O, ilk öncə Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkür edib. Daha sonra nitqinə davam edərək Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının 30 il ərzində uğurla inkişaf etdiyini, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar yaranacağını və Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacağını qeyd edib.
Ölkə rəhbəri söyləyib ki,ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Əmtəə dövriyyəsinin gələcək artımında böyük potensial var. Eyni zamanda Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
O, həmçinin vurğulayıb ki,Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.
Ölkəmizin tam iqtisadi müstəqilliyə nail olduğunu söyləyən cənab İlham Əliyev bunun uğurla həyata keçirilən müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amili olduğunu əlavə edib. O qeyd edib ki, təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik. Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda,həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik. Daha sonra isə, İlham Əliyev nitqini yekunlaşdırıb təşəkkür etdi, lakin iclasın gedişatında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Laçın dəhlizinin Azərbaycan ordusu tərəfindən bloklandığını iddia edərək ittihamlarla çıxış etdi. Cənab Prezident İlham Əliyev onun bu ittihamlarının əsassız olduğunu faktlarla sübut edərək Azərbaycanın dəhlizi bloklamadığını bildirdi.
Daha sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıxış etdi və üzv dövlətlərin başçıları iclasın yekun sənədlərini imzaladılar.
Rusiya Prezidenti Vladimir Putin iclasın işinə yekun vurdu.
Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi