AnalitikaGündəmSiyasət

Azərbaycan İnvestisiya əməkdaşlığında yeni uğurlara doğru

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi inkişaf strategiyasının, beynəlxalq tərəfdaşlıqlara verdiyi önəmin və investisiya mühitinin üstünlüklərinin təqdim olunduğu mühüm platformalardan biri oldu. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərini və gələcək inkişaf prioritetlərini əhatə edən mühüm mesajlarla yadda qaldı.

Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan uzun illərdir siyasi sabitlik, iqtisadi dayanıqlılıq və əlverişli biznes mühiti sayəsində beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən məqsədyönlü islahatlar, sahibkarlığın inkişafına göstərilən dəstək və müasir infrastrukturun formalaşdırılması ölkənin investisiya cəlbediciliyini daha da artırıb.

Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlara da diqqət çəkərək qeyd etdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrinə yatırılan investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

Çıxışda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də xüsusi vurğulandı. Həmin ərazilərin yaşıl enerji zonalarına çevrilməsi, müasir şəhər və kənd konsepsiyalarının tətbiqi, yeni istehsal və xidmət müəssisələrinin yaradılması xarici investorlar üçün də geniş imkanlar açır. Bu layihələr regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, yeni əməkdaşlıq perspektivləri formalaşdırır.

Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən strateji mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və açıq iqtisadi siyasəti ilə beynəlxalq investisiya məkanında mövqeyini möhkəmləndirir. Orta Dəhlizin əhəmiyyətinin artması da ölkəmizin tranzit və logistika potensialını daha da gücləndirir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha təsdiq etdi ki, Azərbaycan iqtisadi inkişafını davam etdirən, beynəlxalq əməkdaşlığa açıq və gələcəyə inamla baxan ölkədir. Prezident İlham Əliyevin forumdakı çıxışı ölkəmizin investisiya siyasətinin uğurlarını nümayiş etdirməklə yanaşı, yeni tərəfdaşlıqların qurulması və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində mühüm çağırış kimi dəyərləndirilə bilər.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button