Analitika

Azərbaycan ilə NATO arasında aparılan dialoq uğurla davam edir

“Sirr deyil ki, Azərbaycan ilə NATO arasında olan əlaqələrin və tərəfdaşlığın 30 ildən artıq tarixi var. Azərbaycan-NATO münasibətləri 1992-ci ildə martında ölkəmizin bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlasa da, yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Ulu Öndər Heydər Əliyev həmin ildə Brüsselə səfəri zamanı “Sülh naminə tərəfdaşlıq” sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. Bununla da Azərbaycanın NATO ilə tərəfdaşlığı müsbət olub, ölkəmiz Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu isə həm Azərbaycan üçün böyük təcrübə olub, həm də əlaqələrin inkişafına əlavə təkan verib. Onu da əlavə etmək lazımdır ki, 3 il öncə Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr də məhz Azərbaycanın hərbi qulluqçuları olub. Bu isə bir daha Azərbaycanın NATO ilə əməkdaşlığına sadiqliyini nümayiş etdirib”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan 1997-ci ildə NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub: “Həmin ildə Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb, 2006-cı ildə isə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir ki, hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Əlbəttə ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avro-atlantik standartlara çatmaq və Avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlanır. Belə ki, Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunub.  Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir”.

“Bu gün NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Şübhə yoxdur ki, etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı olan Azərbaycanın bu sahədə tərəfdaşlarının sayı daha da artacaq.

Oxşar Xəbərlər

Back to top button