Analitika

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr

“Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə 8 deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

Eminova Xəyalə,
Xəzər rayonu, 124 №li tam orta məktəbin direktor müavini                           

Oxşar Xəbərlər

Back to top button