
Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Cənab Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi:
-“ İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var.
Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”.
Əzizzadə Nəzakət,
Sabunçu rayonu , 96 nömrəli tam orta məktəbin tarix müəllimi