
2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Bu müsahibə, yalnız ikitərəfli münasibətlərin dəyərləndirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda Azərbaycanın beynəlxalq siyasətdəki artan rolunu və gələcəyə dair baxışlarını əks etdirən strateji bir çıxış kimi qiymətləndirilə bilər. Prezident Əliyev, müsahibədə Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak etdiyini vurğulayıb. O, Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika layihələrinin region üçün yeni bir iqtisadi dəhliz yaratdığını bildirib. Xəzər dənizi üzərində inşa edilmiş ən böyük ticarət limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və regionlararası bağlantıları təmin edən digər layihələr Azərbaycanın bu təşəbbüsdə əsas oyunçulardan birinə çevrildiyini göstərir. Müsahibədə diqqət çəkən digər mühüm məqam yaşıl enerji sahəsində Azərbaycan–Çin əməkdaşlığı idi. Prezident Əliyev bildirib ki, Azərbaycan 2027-ci ilə qədər 2, 2030-cu ilə qədər isə 6 gigavat gücündə bərpa olunan enerji istehsal etməyi planlaşdırır. Bu sahədə Çindən gətirilən texnologiya və avadanlıqlardan geniş istifadə olunur. Çin şirkətləri ilə əməkdaşlıq Azərbaycanın “yaşıl enerji zonası”na çevrilməsi planlarında mühüm rol oynayır. İnsanlararası münasibətlərin inkişafı məqsədilə Prezident Əliyev Çindən Azərbaycana vizasız səyahət rejiminin tətbiqini də diqqətə çatdırıb. Bu qərar iki ölkə arasında turizmin və mədəni mübadilənin gücləndirilməsinə xidmət edəcək. Həmçinin bu addım Çin–Azərbaycan münasibətlərində qarşılıqlı inamın və dostluğun artdığını göstərir. Prezident İlham Əliyev qlobal geosiyasi münasibətlərə də toxunaraq, Çin və ABŞ arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, bu iki güc arasında dialoqun və qarşılıqlı anlaşmanın yalnız bu ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin maraqlarına xidmət etdiyini bildirib. Bu yanaşma Azərbaycanın sülhpərvər və balanslı xarici siyasət xəttinin davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibə, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçidinin göstəricisidir. Bu müsahibə həm də Azərbaycanın regional və qlobal səviyyədə artan nüfuzunun və liderliyinin bir sübutudur. Enerji, nəqliyyat, diplomatiya və insanlararası əlaqələr kimi sahələrdə bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi