Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər güclü strateji hədəflərimizə təsir edəcək
Müasir qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. Azərbaycanın əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri olan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Ölkələrimiz arasında mövcud olan münasibətlər strateji əhəmiyyətə malikdir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-BƏƏ arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcəkdir. Son 2-3 ildə iki ölkə arasında qarşılıqlı səfərlər olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı həmçinin qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Ölkə başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı