Analitika

Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib olan ölkədir.

Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir.Ölkəmizdə bu istiqamətdəfəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür.

Prezident İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Regionlarda Olimpiya idman kompleksləri və digər idman qurğularının istifadəyə verilməsindən başqa, hər bir idman növünün inkişafı naminə məqsədyönlü işlər görülüb.Bütün bunlar isə idmanın eyni zamanda çox məsuliyyətli bir iş olduğunu, həmçinin idmançıların bu baxımdan çox məsuliyyətli olmalarını, özlərinə hər baxımdan hesabat verməli olduqlarını diktə edir.     

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə də belə deyib:

“Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi – bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki həm ölkəmizin şöhrəti, eyni zamanda, sağlam həyat tərzinin təbliğ edilməsi – bu amillər hər bir ölkə üçün önəmli olmalıdır”.

Bütün bunlar Azərbaycanın idman ölkəsi statusunu təsdiqləyən tarixi faktlardır. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin, beynəlxalq idman tədbirlərinin bütün təşkilati işlərinə zəhmət sərf edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi var. Azərbaycan idman ölkəsi statusunu, bu sahədə nailiyyətlərini məhz onların zəhməti sayəsində əldə edib. Zaman keçdikcə bu tarixi faktların, nailiyyətlərin sırası yeniləri ilə daha da zənginləşəcək. Özünü qəlbən Azərbaycana bağlı sayan hər kəs Vətənin idman və mədəniyyət işığında, ümumən dünyamızda sülhə, humanizmə, ədalətin zəfərinə verdiyi töhfələrlə hər zaman qürur duyacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button