Azərbaycan hər zaman Türkiyənin yanındadır və qardaş ölkəyə olan istənilən təhdidə cavab verməyə gücümüz və qüdrətimiz yetər
Prezident cənab İlham Əliyev cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Vətən müharibəsi zamanı qardaş ölkənin Azərbaycana dəstəyindən də söz açıb. Qeyd olunub ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Yaxın illərdə türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir. Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türk dövlətləri ilə də əməkdaşlıq əlaqələri daha da genişlənir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur.Türkiyənin gücü bizi sevindirir, bu güc ölkəmizin və Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin regiondakı çəkisinə əlavə güc qatır. Türkiyə böyüdükcə dostları da böyüyür, bu nüfuz savaşında bir qardaş ölkə olaraq Azərbaycan hər zaman Türkiyənin yanındadır və qardaş ölkəyə olan istənilən təhdidə cavab verməyə gücümüz və qüdrətimiz yetər.
Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi