AnalitikaGündəmSosial

Azərbaycan gəncliyi: Ulu Öndərdən başlanan və müasir dövrdə uğurla davam edən dövlət siyasəti

Azərbaycan tarixində gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin əsas dayağı kimi qiymətləndirilib. Təsadüfi deyil ki, bu yanaşma müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi irsində xüsusi yer tutur. Məhz onun uzaqgörən və strateji baxışları nəticəsində gənclər siyasəti ölkədə ardıcıl, sistemli və məqsədyönlü şəkildə formalaşdırılıb.

Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi bu siyasətin mühüm təzahürlərindən biridir. Həmin qərarla Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Gününü rəsmi şəkildə təsis edən ölkə oldu. Maraqlıdır ki, bu təşəbbüs beynəlxalq miqyasda da qabaqlayıcı xarakter daşıyırdı. Belə ki, yalnız 1999-cu ildə BMT Baş Məclisinin qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edildi.

Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam, savadlı və yüksək əxlaqi keyfiyyətlərə malik olmasını vacib sayırdı. Ulu Öndərin “Azərbaycanın genofondu gənclərdir” fikri onun gənc nəslə verdiyi dəyərin açıq ifadəsidir. 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu siyasətin institusional əsaslarının yaradılması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin təsis edilməsi mühüm addım oldu. Ardınca qəbul edilən fərman və qanunlar gənclərin ictimai-siyasi həyatda fəal iştirakına, onların hüquqlarının qorunmasına və potensialının reallaşmasına geniş imkanlar yaratdı. 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumlarının keçirilməsi isə gənclərin cəmiyyətin inkişafında rolunu daha da artırdı. Həmin il keçirilən Birinci Forumda Ulu Öndər gənclər qarşısında tarixi bir vəzifə qoyaraq bildirmişdi ki, hər bir Azərbaycan gənci müstəqil dövlətin bu günü və gələcəyi haqqında düşünməlidir.

Ulu öndərin gənclər siyasətində təhsil xüsusi yer tuturdu. Xaricdə təhsil proqramlarının bərpası, istedadlı gənclərin dəstəklənməsi, Prezident təqaüdünün təsis edilməsi bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi idi. Eyni zamanda, “Qızıl kitab”ın yaradılması gənc istedadlara dövlət qayğısının bariz nümunəsi oldu. Bu möhkəm təməl bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, indiki gənclər üçün imkanlar daha genişdir və bu imkanlardan düzgün istifadə etmək hər bir gəncin vəzifəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət gənclərin savadlı kadrlar kimi formalaşmasına, onların ictimai-siyasi fəallığının artmasına və yaradıcı potensialının üzə çıxarılmasına yönəlib.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, ölkənin müxtəlif bölgələrində “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, 2011-ci ildə Gənclər Fondunun təsis edilməsi bu siyasətin mühüm mərhələləridir. Bu qurumlar gənclərin sosiallaşmasına, vətənpərvərlik ruhunda formalaşmasına və asudə vaxtının səmərəli təşkilinə xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Yüksəliş” müsabiqəsi, “Gənclər üçün Prezident Mükafatı”, gənclərin xaricdə təhsilinə dair dövlət proqramları isə gənc kadrların irəli çəkilməsinə və insan kapitalının gücləndirilməsinə yönəlib. Bu gün minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır və qazandıqları bilikləri ölkənin inkişafına yönəldir.

Azərbaycan gəncliyi yalnız elm və təhsildə deyil, həm də idman, mədəniyyət, könüllülük və beynəlxalq əməkdaşlıq sahələrində fəallığı ilə seçilir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, o cümlədən Avropa Oyunları və “Avroviziya” Mahnı Müsabiqəsi Azərbaycan gənclərinin dünyaya inteqrasiyasında mühüm rol oynayıb. Xüsusilə qeyd edilməlidir ki, Vətən müharibəsi dövründə gənclər həm döyüş meydanında, həm də informasiya müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərdilər. Gənc nəsil Ulu Öndərin illər əvvəl əsasını qoyduğu vətənpərvərlik tərbiyəsinin real nəticəsini nümayiş etdirdi.

Bu gün Azərbaycan gəncliyi azad, sabit və özünə güvənən bir ölkədə yaşayır. Onlar müasir çağırışlara açıq, innovativ düşüncəyə malik, milli dəyərlərə sadiq bir nəsildir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt və Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi Azərbaycan gəncliyinin parlaq gələcəyinin təminatıdır. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu siyasətin, bu etimadın və bu böyük ümidlərin rəmzidir.

Xəyalə Allahverdiyeva,
Xəzər rayonu, 185 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button