Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərinə sadiqdir
Hər bir xalq tarixinin ən çətin dövrlərində müqəddəratını, öz xoşbəxt gələcəyi barədə arzularını, inamını, ümidlərini daha çox gənclərə bağlayır. Gənclər ölkəsinin, dövlətinin sülh şəraitində yaşadığı zaman qurucusu, müharibə ilə üzləşəndə isə döyüşçüsü olurlar. Bunun üçün gələcəyini düşünən hər bir ölkə, hər bir xalq gənc nəslin yetişdirilməsinə böyük diqqət göstərir. Onları düzgün tərbiyə etməyə çalışır, cəhalətə, savadsızlığa, nadanlığa düçar olmalarına yol vermirlər.Əsrimiz texniki tərəqqi dövrü olduğundan zamanla ayaqlaşmaq, inkişafdan geri qalmamaq üçün yüksək səviyyədə təhsil almaq zəruridir. Amma bir məqamı da unutmaq olmaz ki, yalnız mükəmməl savad almaqla, biliklərə yiyələnməklə iş bitmir. Bəzən savadı, istedadı ilə nəinki ölkəsini, hətta bütün dünyanı heyran qoyanlar olub ki, vətəninə, millətinə faydası dəyməyib. Öz soy-kökündən uzaq düşənlər, mənsub olduqları xalqa yuxarıdan aşağı baxanlar, milli-mənəvi dəyərlərini yaddan çıxaranlar nə qədər məşhurlaşsalar da, şöhrətin zirvəsində dayansalar da, doğma xalqının gözündə heç zaman ucalmırlar.Gənclərin hərtərəfli inkişaf etməsi, layiqli vətəndaş kimi yetişməsi, onlarda xalqına, vətəninə ehtiram, sevgi hisslərinin aşılanması yalnız ailəsini, valideynlərini deyil, bütövlükdə cəmiyyəti, dövləti düşündürməli, bunun üçün çox ciddi və gərəkli işlər görülməlidlir. Xüsusilə, dünyanın indiki mürəkkəb, ziddiyyətli zamanında bunlar olduqca mühümdür.Bu gün həyatımızı internetsiz təsəvvür edə bilmirik. Uzaq məsafələri yaxınlaşdıran, saniyələr içərisində dünyanın istənilən yerində baş verənləri öyrənmək imkanı yaradan internetin faydaları çoxdur. Dövrümüzün gəncləri də günlərinin çox hissəsini internetdə keçirirlər. Bir çoxu oxuyur, öyrənir, dünyada gedən proseslərdən xəbər tutur, yeni ideyalara düşür və daha gərəkli, daha uğurlu fəaliyyət göstərə bilir. Milli ruhda tərbiyə edilən, əqidəsi, məsləki doğru istiqamətləndirilən gəncliyi öz yolundan, amalından ayırmaq, məqsədindən daşındırmaq mümkünsüzdür.Gənclərin mükəmməl təhsil almaları başlıca məqsəd olaraq qalır. Gənclərimiz təkcə idman sahəsində deyil, digər sahələrdə də öz qabiliyyətlərini əzmkarlıqla, ruh yüksəkliyi ilə dünyada nümayiş etdirərək uğurlar qazanırlar. Bu gün müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağın qüruru ilə yaşayıb fəaliyyət göstərən gənclərimiz bilirlər ki, tariximizdən ibrət dərsləri almağı da unutmamalıyıq. Gənclərimiz də bu ruhda tərbiyə alırlar. Ona görə də Vətənin bir çağırışı ilə hünər göstərməyə, yeni, şanlı tarix yazmağa hər an hazırdırlar.Fəxrlə, fərəhlə deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Müstəqil Azərbaycanın adı onun bu gününü və gələcəyini düşünən, yüksək vətəndaşlıq hisslərinə malik olan gənclərimizin xoş əməlləri ilə hər gün bir boy da ucalır. Ən böyük zəfərlərimiz isə qabaqdadır. Azərbaycan tarixin qalibiyyət səhifələrinə öz yeni uğurlarını, möhtəşəm qələbələrini yazacaq. Üzərinə düşən vəzifənin, məsuliyyətin böyüklüyünü yaxşı bilən Azərbaycan gəncliyi həmin səhifələrdə möhtəşəm yer tutacaq.
Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini