Analitika

Azərbaycan gəncliyi dünyanı heyrətə gətirməyi bacaran gənclikdir

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillərə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.

Məhz, müasir dövrümüzdə ölkənin inkişaf etdirilməsi siyasətində gənclərlə bağlı iş, gənclərə  xüsusi qayğı və diqqət, onların dövlət idarəetməsinə cəlb edilməsi, gənclərə məsul vəzifələrin həvalə edilməsi, gənclərin təhsilinə ciddi diqqət yetirilməsi mühüm məsələlərdən biri, bəlkə də birincisidir. Bu, müstəqil dövlətimizin banisi, ümummilli liderimiz H. Əliyevin apardığı uzaqgörən və müdrik siyasətin, tutduğu yolun davamıdır.  “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir.

Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni, Zəfər Gününü yazdı. Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.

İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar.

Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut edir.

Azərbaycanda gəncliyə dövlət qayğısı ilə sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam, intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləridir!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button