Azərbaycan gəncləri hər zaman ölkə başçısının ətrafında sıx birləşərək yürütdüyü siyasətə dəstək olub və bundan sonra da dəstək olacaqdır
Hər bir xalqın xoşbəxt gələcəyi, onun ümidlərini doğruldan, şərəfini, ləyaqətini yüksəklərə qaldıran sağlam gənclikdən asılıdır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən prioritet məsələrdən biridir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla yanaşı ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Zaman dəyişir, nəsillər dəyişir, ölkələr inkişaf edir, lakin ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhni hesab edilir. Müasir cəmiyyət – gəncləri tarixin obyekti, son dərəcə mühüm dəyişiklik amili, yeni ideya və proqramların daşıyıcısı, xüsusi növ sosial dəyər kimi kəşf etməlidir.
Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir, yetişdirir, formalaşdırır. Bu gün öz mental dəyərlərinə böyük önəm verən Azərbaycan xalqının qarşısında duran prioritet məsələlərdən biri gənclərin milli ruhda, milli vətənpərvərlik ruhunda, vətəndaşlıq ruhunda yetişdirmək, öz soykökünə, adət-ənənələrinə, milli mədəniyyətinə, mənsubiyyətinə mütərəqqi cəhətlər formalaşdırmaqdır. Gənc nəslin tərbiyəsinə önəm verən dahi Liderimiz Heydər Əliyev 1996-cı il Gənclərin ilk forumundakı çıxışında söyləmişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”. Heydər Əliyev çıxışı zamanı söyləmişdir ki, “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”. Həqiqətən Dahi Liderimizin örnək həyat yolu gənc nəslin bu günkü yüksək mənəviyyatının, milli ləyaqətinin bariz nümunəsidir.
Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut edir.
Tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı istiqamətində dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncləri də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Bu günün gəncləri ulu öndər Heydər Əliyev məktəbinin, cənab İlham Əliyev idarəçiliyinin məzunlarıdır. Məhz bu məzunlar dəmir yumruq altında birləşərək 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Bununla yanaşı gənclərimizin də ən böyük himayəçisi və dəstəkçisi cənab İlham Əliyevdir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. Azərbaycan gəncləri hər zaman ölkə başçısının ətrafında sıx birləşərək yürütdüyü siyasətə dəstək olub və bundan sonra da dəstək olacaqdır.
Həsənova Səbinə,
YAP-ın fəalı