Azərbaycan gənclər ölkəsi, gənclər isə Azərbaycanın gələcəyinin təminatçısıdır
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
Müharibə dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət və bu çağrışdan sonra gənclərin vətənin müdafiəsinə könüllü olaraq qoşulması,ölkə xaricində yaşayan gənclərin də bu çağrışa qoşularaq ana vətəninə dönməsi 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad etməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu. Azərbaycan dövlətinin yaratdığı imkanlardan gənclər yararlanır,inkişaf edir,bilik və bacarıqlarını artır dövlət və cəmiyyət qarşısında məsuliyyətini hiss edir qarşısına qoyulan öhdəlikləri layiqincə yerinə yetirir. Ölkə rəhbərinin gənclərə inamı vətən müharibəsində Azərbaycan gənclərinin böyük şücaət göstərməsinə zəmin yaratdı.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.
Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı