
Azərbaycan son illərdə müxtəlif sahələr üzrə çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə, beynəlxalq dialoq, əməkdaşlıq və tərəfdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirib. İqlim dəyişmələri, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, regional əməkdaşlıq, iqtisadi inkişaf və investisiya imkanları ilə bağlı keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal gündəlikdə fəal iştirakını təmin edir.
Bu baxımdan, 26 sentyabr 2026-cı ildə Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın iqtisadi inkişafı, investisiya imkanları və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Prezident İlham Əliyev bildirib ki, son illərdə görülən işlər gələcək inkişaf üçün mühüm ilkin şərtlər yaradıb. Sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin formalaşdırılması Azərbaycanın yeni mərhələdə daha böyük layihələr həyata keçirməsinə imkan verir.
Azərbaycanın investisiya siyasətində əsas istiqamətlərdən biri beynəlxalq şirkətlərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Dövlətimizin başçısının sözlərinə görə, əlverişli investisiya mühiti nəticəsində son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür.
Bu göstərici Azərbaycanın beynəlxalq investorlar üçün yaratdığı imkanların miqyasını nümayiş etdirir. Makroiqtisadi sabitlik, sahibkarlıq mühitinin təkmilləşdirilməsi, müasir infrastrukturun yaradılması və enerji-nəqliyyat layihələrinin reallaşdırılması ölkənin investisiya potensialını artıran əsas amillərdəndir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan mühüm platformadır. Forumun əsas məqsədlərindən biri beynəlxalq investorları, maliyyə institutlarını və aparıcı şirkətləri bir araya gətirməklə yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasıdır. Forum çərçivəsində bir sıra mühüm investisiya sənədlərinin imzalanması da Azərbaycanın beynəlxalq biznes dairələri üçün əhəmiyyətini göstərir.
Beləliklə, Azərbaycan iqtisadi inkişafın yeni mərhələsində investisiyaların cəlb edilməsini, iqtisadiyyatın şaxələndirilməsini və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirir.
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini



