Analitika

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd etdi. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir.

Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf­li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət­mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə­sində nail olunub.

Dövlətimiz tarix baxımından qısa müd­dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu­ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi­yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re­gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. İƏT-in növbəti iclasının Şuşa şəhə­rində keçirilməsi ilə bağlı onu da deyək ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nə­ticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclasların­da Şərqi Zəngəzur iqtisadi rayonun­dan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması təşəb­büsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edi­lib. Bütün bunlarla bərabər, Zəngəzur Dəhlizinin Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəh­lizlərini birləşdirən önəmli arteriya kimi dəyərləndirilib. Yeri gəlmişkən, respublikamızın hə­yata keçirdiyi iqtisadi strategiyada təmiz enerji layihələrinin reallaşdırılması xüsu­si yer tutur. Azərbaycanda bu istiqamət daim diqqətdə saxlanılır. Ölkəmiz bər­paolunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqa­vilələrin bağlanılması da bunun bariz ifadəsidir. “ACWA Power” və “MAS­DAR” ilə sazişlər, həmçinin Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 geqavat enerji üzrə saziş Avropaya təmiz enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm da­şıyır. İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Burada düşməndən təmizlənən azad iqtisadi zonaların yaradılmasın­dan, sənaye obyektlərinin işə salınma­sından söz düşmüşkən, onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa prosesi in­diyədək sənayeləşmə siyasəti ilə pa­ralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəs­sisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə aqrar-sənaye kompleksinin tərəqqisi məqsədləri üçün 940 fermer təsərrüfatının qurul­ması nəzərdə tutulub.

Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində öz əksini tapıb. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində İƏT regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İƏT ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. “Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”, – Əliyev deyib.

“Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq, biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, – dövlət başçısı qeyd edib.

Azərbaycan ərazilərinin bərpasına toxunan Əliyev bildirib ki, növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. İclasın yekunu olaraq regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.

Adil Əliyev,
Xəzər rayonu, 124 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button