Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Ölkəmizdə elmin inkişafı, elm xadimlərinə diqqət və qayğı hər zaman dövlət rəhbərliyinin diqqət mərkəzində olub. Hələ Sovetlər Biliyi dövründə Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəməyib. Ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşmiş, bir neçə yeni elmi-tədqiqat institutu yaradılib, elmin inkişafına böyük vəsait ayrılırdı. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Bu və digər məsələlər noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda geniş müzakirə edilib. Yubiley tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini ürəkdən təbrik edib və Akademiyanın gələcək fəaliyyətinə onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, çox ağır bir dövrə təsadüf edən Müstəqilliyin ilk illərində məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı ölkəni böyük bəlalardan qurtara bilmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Həmin görüşdə Ulu Öndə bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Həmin dövrdə ölkə ciddi maliyyə çatışmamazlıqları ilə üz-üzə qalsa da Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.
Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetiririb. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev bildirib ki, “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı”.
Qeyd edilib ki, son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib və akademiya şəhərciyində yerləşən binaların təmiri aparılib. Yeni böyük elmi kitabxana və Milli Ensiklopediya üçün yeni bina inşa edilib. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizatı aparılıb. 2009-cu ildə Elm Fondu yaradılıb. Bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Həmin vaxt elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edilib. Prezidentin öz çıxışında qeyd etdiyi kimi “bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.
Prezident İlham Əliyev yubiley mərasimindəki çıxışında Azərbaycan alimləri qarşısında yeni vəzifələr qoyub. Bildirilib ki, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Dövlətimizin başçısı qeyd edib: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.
Həmçinin vurğulanıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. “Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar – yəni, bu məsələyə çox böyük diqqət verməlidirlər”, – deyə Prezident qeyd edib.
Xəzər rayonu, 122 №li məktəbin əməkdaşı
Müslümova Gültəkin



