Analitika

Azərbaycan dünyada geosiyasi mövqeyinə görə öz imzasını atmış ölkələrdəndir

Azərbaycanın təbii və coğrafi  resurslarına onun: 86,6 min kvadrat  kilometr quru və 80 min kvadratkilometr Xəzər dənizindəki milli sektoru; Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi mövqeyi; avtomobil, dəmir  yolu və  su nəqliyyatı vasitəsilə  Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya imkanları və s. daxildir.

Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri də onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi  və Cənubi Qafqazda  gedən  əsas  proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir.

Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.

Geoiqtisadi  dəyərinə  görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış,  keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə  Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir.

Azərbaycan həm də hövzənin  neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan  enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.

Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli və ümidverici alternativ tərəfdaş” hesab olunur.

Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının  şaxələndirilməsi  məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri  çox aşağı səviyyədədir. 1994-cü ildə- “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqğörən  strateji seçim etdi. Nəticədə Xəzərin  neft və qaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropaya ixracının yeni  marşrutu dövriyyəyə buraxıldı. Bu marşrut ilə yeni neft və qaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı, Xəzər hövzəsinin, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə –  yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin  dayağına çevirdi.

Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.

Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri  (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə  kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button