Azərbaycan dünya miqyasında idman ölkəsi kimi nüfuzunu daha da artırır
Prezident İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər Azərbaycanın dünya idman ailəsinin üzvünə çevrilməyində əsas rol oynayır. Ölkə başçısının idman sahəsində atdığı addımlar bütün idman ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. İdmançılara ölkə rəhbərliyi tərəfindən göstərilən qayğı, həmçinin idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək səviyyədə davam etdirilir. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi nəticəsində artıq 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilməkdədir. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqamlardan biridir.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi,həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan idman sahəsində daha da uğurlara imza atacaq. Ölkəmiz dünya miqyasında idman ölkəsi olaraq nüfuzunu daha da artıracaq. Azərbaycanda yetişən gənc idmançılar idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi