AnalitikaGündəmSosial

Azərbaycan dövlətçiliyinin xilas və inkişaf mərhələsi

Azərbaycan xalqının müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi əhəmiyyətə malikdir. Bu gün təkcə siyasi hadisə deyil, həm də dövlətçiliyimizin qorunub saxlanılması, milli birliyin təmin olunması və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi dönüş nöqtəsidir. 1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır siyasi böhran, hakimiyyət uğrunda qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas etmişdir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi sabitlik tam təmin olunmamışdı. Dövlət idarəçiliyində təcrübəsizlik, iqtisadi tənəzzül, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və daxili çəkişmələr ölkənin vəziyyətini daha da ağırlaşdırırdı. 1993-cü ilin iyun hadisələri zamanı ölkədə hakimiyyət böhranı yaranmış, mərkəzi idarəetmə zəifləmiş və respublikanın parçalanması təhlükəsi meydana çıxmışdı.

Belə bir dövrdə xalqın təkidli tələbi ilə Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. Onun siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi və vətəndaş qarşıdurmasının qarşısı alındı.

Milli Qurtuluşdan sonra Azərbaycanda genişmiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı. Hüquqi-demokratik dövlətin əsasları yaradıldı, yeni Konstitusiya qəbul edildi, iqtisadi islahatlar həyata keçirildi və beynəlxalq əlaqələr genişləndirildi. Xüsusilə 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadı və ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi.

Milli Qurtuluş siyasəti sonrakı illərdə də uğurla davam etdirilmişdir. Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi tanınır, siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından mühüm nailiyyətlər əldə etmişdir. Bu uğurların təməlində 1993-cü ildə atılmış qətiyyətli addımlar və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm yer tutan tarixi hadisədir. Bu gün ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və gələcək inkişafının təmin olunması ilə yadda qalmışdır. Milli Qurtuluş Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil etmiş, xalqın birlik və həmrəyliyinin rəmzinə çevrilmişdir. Bu tarixi günün əhəmiyyəti gələcək nəsillərə çatdırılmalı, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm örnək kimi öyrənilməlidir.

Şəhla Xəlilova,
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button