Azərbaycan dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur
Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi, siyasi və hərbi tədbirlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamıdır və dövlətimizi uğurlu gələcəyə aparır.
2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları həyata keçirilir. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri, regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur və İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir.
Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. II Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. II proqramda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və icra müddətinin başa çatması, yeni — üçüncü proqramın zəruriliyini ortaya qoydu. 27 fevral 2014-cü il tarixli Fərmanla Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiqlədi. Bu proqram icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.
2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində hәyata keçirilәn fəaliyyət uğurlu nәticәlәrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Ötən illərdə bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib.
Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Regionlaın sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib. (2020)
Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan aqropark və yerli fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı.
2013-cü ildən başlayaraq regionlarda da “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlamışdır. Respublikanın bölgələrində hazırda 14 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Ölkəmiz dinamik şəkildə inkişaf edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.
Hazırda Azərbaycan üçün böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.
Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir.
Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı-Füzuli və Zəngilan hava limanları artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.
İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.
İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır. Gəlirlərin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik. Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər – 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.
Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycanın daxili işidir.
Azərbaycan öz prinsipial mövqeyində dayanmaqdadır. İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.
Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etmək istəsə də separatçılar buna imkan vermir. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. Ermənilər heç bir zaman öz çirkin əməllərindən əl çəkməyiblər. Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması təsadüfən baş vermiş bir hadisə deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir.
Ermənilər bizim bayrağımızı yandırdılar, amma Türk Bayrağı orada dalğalandı. Türkiyənin idmançıları Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır!
Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır! Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə dalğalanır! Bu gün Azərbaycan Bayrağı Göyçədə, Zəngəzur dağlarında dalğalanır!
Cəlilova Təranə,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi



