GündəmAnalitikaSosial

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs

Azərbaycan dili xalqımızın milli kimliyini, mədəni irsini və mənəvi dəyərlərini əks etdirən ən mühüm amillərdən biridir. Min illərlə tarixə malik olan bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinin, zəngin ədəbiyyatının və bənzərsiz mədəniyyətinin daşıyıcısıdır. Azərbaycan dilinin qorunması və inkişafı hər zaman dövlət səviyyəsində diqqət mərkəzində saxlanılmış, xüsusilə də Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm addımlar atılmışdır.
Ulu Öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldiyi ilk gündən Azərbaycan dilinin inkişafına və onun dövlət dili kimi möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan dili ictimai həyatın bütün sahələrində geniş şəkildə tətbiq olunmağa başlamış, rəsmi sənədlərdə və dövlət idarələrində bu dilin istifadəsi təşviq edilmişdir. Məhz onun təşəbbüsü ilə 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. Bu, həmin dövr üçün böyük siyasi cəsarət və milli kimlik nümunəsi idi.

Heydər Əliyev hər zaman vurğulayırdı ki, dil bir millətin ruhudur və Azərbaycan xalqı öz dilini sevməli, onu qoruyub gələcək nəsillərə ötürməlidir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan dilinin inkişafı üçün ardıcıl addımlar atmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, bundan əlavə, dilin tədrisi, terminologiyası və orfoqrafiyasına dair bir sıra dövlət proqramları qəbul edilmişdir. Ulu Öndər Azərbaycan dilinin saflığının qorunması və geniş tətbiqi məsələsinə yalnız mədəni və mənəvi məsələ kimi deyil, həm də milli təhlükəsizlik və dövlətçiliyin əsas sütunu kimi yanaşırdı. O, Azərbaycan dili uğrunda apardığı mübarizəni milli ideologiyanın əsas istiqamətlərindən birinə çevirmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ata yolunu uğurla davam etdirərək, Azərbaycan dilinin inkişafı və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atmışdır. Onun rəhbərliyi ilə dil siyasəti daha da sistemli və institusional xarakter almış, dilin hüquqi, elmi və texnoloji əsasları gücləndirilmişdir.

Prezident İlham Əliyevin 2004-cü il 9 avqust tarixli sərəncamı ilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Dövlət Proqramı” qəbul edilmiş və bu proqram çərçivəsində dilin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya mühitində daha geniş şəkildə istifadəsi təmin olunmuşdur. Həmçinin Prezidentin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamı dilin qorunmasına və zənginləşdirilməsinə verilən yüksək qiymətin göstəricisidir.

Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən əsas tədbirlərdən biri də Azərbaycan dilinin orfoqrafiya lüğətinin və terminoloji komissiyanın fəaliyyətinin gücləndirilməsi olmuşdur.

Prezident İlham Əliyev Azərbaycan dilinin texnologiyalar dövrünə uyğunlaşdırılması üçün rəqəmsal resursların, elektron lüğətlərin və tədris platformalarının yaradılmasına dəstək vermişdir. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çərçivəsində xaricdə yaşayan azərbaycanlıların milli dəyərlərə, o cümlədən ana dilinə bağlılığının artırılması məqsədilə Azərbaycan dilinin tədrisinə və yayılmasına yönəlmiş proqramlar həyata keçirilmişdir. Bu, milli kimliyimizin sərhədlərdən kənarda da qorunmasının təminatçısıdır.

Bu gün Azərbaycan dili təkcə ölkəmizdə deyil, həm də dünya azərbaycanlıları arasında birliyi təmin edən mühüm vasitəyə çevrilmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, mədəniyyətimizin və ədəbiyyatımızın dünyada tanıdılması prosesi Azərbaycan dilinin də yayılmasına təkan vermişdir. Beynəlxalq tədbirlərdə, mədəni layihələrdə və müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan məktəblərində bu dil öyrədilir və sevdirilir.

Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində medianın, internet resurslarının, televiziya və radio proqramlarının rolu da əvəzsizdir. Bu gün ana dilimizdə hazırlanan yüksək keyfiyyətli xəbərlər, verilişlər və ədəbiyyat nümunələri Azərbaycan dilinin ifadə imkanlarının zənginliyini bir daha nümayiş etdirir.

Azərbaycan dilinin inkişafı milli dövlətçiliyimizin təməl sütunlarından biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədə qoyduğu möhkəm təməllər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dili bu gün müasir, zəngin və dinamik inkişaf edən bir dil kimi öz nüfuzunu qoruyur və genişləndirir.

Ana dilimizin saflığının qorunması, onun gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlətin bu sahədə yürütdüyü məqsədyönlü siyasət isə dilimizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button