AnalitikaGündəmSiyasət

Azərbaycan dili – xalqımızın mənəvi sərvəti

Hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə ana dilimizin zənginliyinə, saflığına və dövlətçilik tariximizdəki əvəzsiz roluna diqqəti artıran əlamətdar gün kimi qeyd olunur. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi, mədəniyyəti, milli yaddaşı və mənəvi dəyərlərinin daşıyıcısıdır. Dilimizi qorumaq milli kimliyimizi, dövlətçiliyimizi və gələcəyimizi qorumaq deməkdir.

Azərbaycan dili əsrlər boyu müxtəlif sınaqlardan keçərək bu günə gəlib çatmışdır. Xüsusilə sovet dövründə milli dillərin sıxışdırılması cəhdlərinə baxmayaraq, xalqımız öz ana dilini yaşatmağı bacarmışdır. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi yer tutur. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu addım o dövr üçün böyük cəsarət və uzaqgörənlik nümunəsi idi.

Müstəqillik illərində də ana dilimizin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiqləndi, 2001-ci ildə isə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Həmin ilin avqust ayından etibarən 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı. Sonrakı illərdə qəbul edilən qanunlar, dövlət proqramları və fərmanlar dilimizin qorunması və inkişafı üçün möhkəm hüquqi baza yaratdı.

Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı nəşrlərin genişləndirilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin artırılması və dil normalarına əməl olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət göstərir ki, ana dilimiz dövlətçiliyimizin əsas sütunlarından biridir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, dilimizi yaşatmaq gələcəyimizi yaşatmaq deməkdir. Gəlin ana dilimizi sevək, onu düzgün işlədək, saflığını qoruyaq və bu qiymətli milli sərvəti gələcək nəsillərə layiqincə ötürək. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və dövlətçiliyini də qoruyur.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button