AnalitikaGündəmSiyasət

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

27 sentyabr 2020-ci il Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. O gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyat sonradan Vətən müharibəsi adı ilə tarixə düşdü. 44 gün davam edən bu müharibə təkcə döyüş meydanında qazanılan hərbi uğurların deyil, həm də xalqımızın milli qürurunun, birliyinin və ədalətə inamının parlaq təntənəsi idi.

1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olundu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr isə kağız üzərində qaldı.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Lakin Ermənistan illər boyu danışıqlardan boyun qaçıraraq işğalı möhkəmləndirməyə cəhd göstərirdi. Bu səbəbdən 2020-ci ildə Azərbaycan artıq səbr kasasının dolduğunu nümayiş etdirdi və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə hüququndan istifadə edərək haqq savaşına başladı.

Vətən müharibəsi Azərbaycan əsgərinin, zabitinin, bütövlükdə ordumuzun şücaət dastanına çevrildi. İlk gündən başlayan uğurlu əməliyyatlar düşmənin möhkəm müdafiə xəttini dağıtdı.

Qısa müddət ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və onlarla kənd düşməndən təmizləndi. 8 noyabrda isə xalqımızın mədəniyyət paytaxtı, “Qarabağın incisi” olan Şuşa azad olundu. Şuşanın azadlığı həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan müharibənin dönüş nöqtəsi oldu. Məhz bundan sonra Ermənistan müqavimət göstərmək gücünü itirdi.

Azərbaycanın zəfəri heç də təsadüfi deyildi. Bu uğurun arxasında illərlə aparılan məqsədyönlü siyasət dayanırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və dəmir iradəsi, güclü ordu və müasir texnologiyaların tətbiqi, xalq-ordu birliyi, cəbhə ilə arxa cəbhənin sarsılmaz vəhdəti, diplomatik hazırlıq – beynəlxalq müstəvidə Azərbaycanın haqq səsinin eşidilməsinin təmin edilməsi möhtəşəm Zəfərin şərtləndirən əsas amillər idi.

Şuşanın azad edilməsindən cəmi iki gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalandı.

Ermənistan işğal altında saxladığı Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz qaytarmağa məcbur oldu. Əslində bu bəyanat Ermənistanın kapitulyasiyası idi. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəsini rəsmiləşdirdi.

Qələbədən dərhal sonra Azərbaycan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı.

Azərbaycanın qələbəsi yalnız hərbi zəfər deyildi – bu, həm də beynəlxalq hüququn təntənəsi idi. BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələri Azərbaycan əsgərinin gücü ilə həyata keçirildi. Azərbaycan sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə sadiqlik danışıqlarda nəticə vermədiyi halda, dövlət öz gücü ilə də ədaləti bərpa edə bilər. Bu, dünya üçün də mühüm mesaj idi.

27 sentyabrda başlanan və 10 noyabrda böyük zəfərlə tamamlanan Vətən müharibəsi Azərbaycan tarixində milli birliyin, ədalətin və gücün təcəssümü kimi əbədi qalacaq.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button