Analitika

Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır

Azərbaycanın xarici ölkələrlə və beynəlxalq təşkilatlarla, o cümlədən də Aİ ilə münasibətləri suverenlik və qarşılıqlı maraqların təmin olunması prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müxtəlif əməkdaşlıq platformalarına qoşulan dövlətlər və qurumlar bundan faydalanmalıdırlar. Məsuliyyətli dövlət olan Azərbaycan daim üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib ki, bu da “qoca qitə”də ölkəmizə  və onun Liderinə böyük inam qazandırıb.  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”, – deyə vurğulayıb. Avropa qurumlarının rəsmiləri ölkəmizlə əməkdaşlığın davam etdiriməsinin vacibliyinə diqqət çəkərkən Azərbaycanla Aİ arasında uzun illər ərzində formalaşmış ənənələrə, yaxşı nəticələr verən səmərəli işbirliyinə istinad edirlər. İndiyədək müxtəlif sahələrdə qazanılan təcrübə qarşılıqı münasibətlərin inkişafı üçün möhkəm baza yaradır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış  və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.  1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Ənənəvi qaz təchizatının pozulması Aİ-yə daxil olan ölkələri alternativ enerji mənbələri axtarmaq məcburiyyətində qoyub. Belə çətin məqamda Azərbaycan “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız  Aİ məkanı üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Avropanın enerji gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu tədbirdəki çıxışında Albaniyanın Baş naziri Edi Raman Azərbaycanın “qoca qitə”nin enerji təhlükəsizliyində rolunun artmasına özünün original münasibətini diqqətə çatdırıb. Ölkəmizin enerji siyasəti ardıcıldır və ədalət prinsipinə əsaslanır. Zəngin resurslara və şaxələndirilmiş nəql marşrutlarına malik olan respublikamız öz üstünlüklərindən heç vaxt sui-istifadə etmir. Təsadüfi deyildir ki, indiyədək imzalanan müqavilələr üzrə ölkəmizlə tərəfdaşları arasında heç bir fors-major halı yaşanmayıb.  Bəhs olunan toplantıda Azərbaycan Liderinin strateji baxışlarının nəticəsi kimi ərsəyə gələn Cənub Qaz Dəhlizinin önəminə diqqət çəkilib. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri, xanım Kadri Simson bildirib ki, bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır.

Aynur  Həsənova,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button