Analitika

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələri bir ailə kimi yaşamışdırlar. Ölkəmizdə yaşayan bütün xalqın nümayəndələri heç zaman bir-biriləri arasında ayrı-seçkilik hiss etməmişdirlər. Azərbaycan zəngin bir ölkədir. Bu zənginlik Azərbaycanın əsrlər boyu milli-mədəni mühitinin formalaşdığı, ayrı-ayrı xalqların və konfenssiyalarının nümayəndələrinin sülh, əmin-amanlıq, bir-birini anlaması və yaxşı şəraitdə yaşaması çoxkonfessiyalı ölkə kimi dünyada tanınmışdır. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir.  Ölkəmiz çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır.Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır.Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır.Tolerantlıq səviyyəsi və Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Tarixən  Azərbaycanda müxtəlif xalqlar və dini icmalar məskunlaşmış, onlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət sayəsində öz etnomədəni xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlamış, hətta qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində ümumazərbaycan mədəniyyətinə böyük töhfələrini vermişlər. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar. Biz bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının inkişafı, buradakı sabitliyin möhkəmlənməsi istiqamətində atılmış uğurlu addımların arxasında Azərbaycançılıq məfkürəsi, multikultural dəyərlər dayanmaqdadır. Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları vardır. Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır. Lakin buna baxmayaraq,otuz ilə yaxın işğal müddətində erməni vandalları tarixi Azərbaycan torpaqlarında mədəni irsi məhv etmək üçün əllərindən gələni əsirgəmədilər. Dağlıq Qarabağda, Şərqi Zəngəzurda qədim mədəniyyət abidələrini uçurub-dağıtdılar. Vətən müharibəsindən sonra həmin bölgələrdə Azərbaycan dövlətinin qərarı ilə genişmiqyaslı və sürətlə bərpa və quruculuq işlərinə start verildi.

Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Müasir dövrdə informasiya müharibəsi şəraitində bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib və möhkəmləndirəcəkdir.

Həsənova Almara,
Xəzər rayonu, 323 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button