AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin münasibətlərində yeni səhifə

Respublikamızın Prezidenti  cənab İlham Əliyev tez-tez dünyanın müxtəlif nüfuzlu mətbuat orqanlarına müsahibələr verir, istər regionda, istərsə də qlobal miqyasda cərəyan edən hadisələr haqqında öz dəyərli fikirlərini bölüşür. Son belə müsahibə cənab prezidentin 21 aprel 2025-ci il tarixində Çinin “Sinxua” agentliyinə verdiyi müsahibə olmuşdur. Müsahibə zamanı prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafı, regional əməkdaşlıq və ölkənin strateji hədəfləri barədə ətraflı məlumat vermişdir:

“Ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.

Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.

Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək.”

Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji əhəmiyyətini və gələcək əməkdaşlıq perspektivlərini əks etdirməklə, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.

Tamerlan Qurbanov,
YAP Siyəzən RT-nın məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button